Azərbaycana geri göndərildikdən sonra həbs edilən fəalların yaxınları: “Niyə susurlar? Niyə işgəncələrə göz yumurlar?”

Your browser doesn’t support HTML5

İyunun 17-də Almaniyadan Azərbaycana geri göndərilən, daha sonra ölkədə həbs olunan keçmiş mühacirlərin yaxınları Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, Almaniyadan qaytarılaraq həbs edilən altı nəfərdən dördünə narkotik maddələrin qanunsuz saxlanılması və satışı ittihamı verilib. Onlar yaxınlarının günahsız olduğunu və siyasi faəliyyətlərinə görə həbs edildiyini iddia edirlər.

Almaniyadan çıxarılan və daha sonra həbs edilən fəal - Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova siyasi məhbuslara azad edilməsini və işgəncələrə son qoyulmasını tələb edib:

“Niyə susurlar? Niyə bu insanların həbsdə işgəncələrə məruz qalmasına göz yumurlar? Samiri susdurmaqla, Samiri səsini kəsməklə Samiri susduracağınızımı sanırsınız? Samirin səsi mənəm. Mən Samirin yerinə danışıram. Mən Samirin azadlığını tələb edirəm. Bu, yoldaşıma qarşı bir oyundur, hələ ki, istintaq gedir, bilmirəm hansı istintaq gedir? Olmayan bir şeyi mənim yoldaşımın üzərinə atıblar”.

Samir Aşurov aprelin 19-da saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, buna səbəb Samir Aşurovun münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməsi olub. Aşurova qarşı qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə cinayət işi qaldırılıb. O, bu ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu deyir.

Pünhan Kərimlinin atası Vahid Kərimov narkotik ittihamı ilə həbs olunanların Baş Narkotiklərlə Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını iddia edib.

“Oğluma iki seçim qoyulub ki, əgər narkotikin sənin olduğunu boynuna alsan, biz sənə işgəncə verməyəcəyik. Biz siyasi məhbusların azad olmağını tələb edirik. Bu iş düzgün araşdırılsın, onların hamısı siyasi baxışlarına görə həbs olunublar və işgəncələrə məruz qalırlar.”

Pünhan Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalıdır və Almaniyadan Azərbaycana göndərildikdən sonra həbs olunan mühacirlərdən biridir.

Aksiya da həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova da iştirak edib, o siyasi məhbusların təzyiqlərə, təhdidlərə və hədələrə məruz qaldığını deyir.

“Azərbaycanda yerləşən xarici ölkələrin səfirliklərinə, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının yadına salmaq istəyirik ki, Azərbaycan həbsxanlarında hələ də 100 siyasi məhbus var. Onlar siyasi fəaliyyətinə görə, jurnalist fəaliyyətinə görə, azad sözünü ifadə etdiyinə görə bu gün şərlənərək həbsxanadadırlar və onlar həbsxanada da boş buraxılmır. Ən ağır təzyiqlərə, təhdidlərə, hədələrə məruz qalır. Hazırda həbsdə olan yeganə jurnalist mənim həyat yoldaşımdır, onu 13 il müddətinə azadlıqdan məhrum ediblər.”

Hadisə yerində olan polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Aksiya zamanı saxlanan olmayıb.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə qaytarılan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar.

Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanın siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Amerikanın Səsinə bildirilib ki, onlar insanların etiraz etmək hüququnu tanıyırlar, lakin bununla bağlı hər hansı mövqe bildirə bilməzlər.