"Polislər mənə məlumat verdilər ki, iki nəfər şəxs saxlanılıb. Onların telefonuna baxış keçirilən zaman sənin adresin və vatsap yazışmaları aşkarlanıb."
İyunun 14-ü Fransada yaşayan bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanılıb. Sərhədsiz Reportyorların məlumatına görə, saxlanılanlardan biri azərbaycanlı, o biri türk əsilli moldovalıdır. Onların üzərində odlu silah, Mirzəlinin fotoları və ev ünvanı aşkarlanıb.
Məhəmməd Mirzəli: "İki nəfər haqqında dünən səhər saatlarında həbs qətimkan tədbiri seçilib. İlk dörd ay ərzində səhv etmirəmsə. Anje jandarmasında bununla bağlı cinayət işi açılıb. Anje prokurorluğu mediaya məəlumat verən zaman bildirib ki, bu iş çox ciddidir və Fransa bu işi çox ciddi şəkildə araşdıracaq. Sifarişçiləri və onun arxasında duranları tapıb üzə çıxarmağa çalışacaq."
Azərbaycan hakimiyyətinə qarşı kəskin çıxışları ilə tanınan Mirzəliyə qarşı daha əvvəl odlu və soyuq silahlarla iki dəfə sui-qəsd cəhdi olub. Son hücumda iştirak edən üçü azərbaycanlı olmaqla 4 nəfər aprel ayında məhkum edilib.
Məhəmməd Mirzəli: "Bu hücumun arxasında birbaşa, məhkəmə olmadan da iddia edə bilərəm ki, Əliyevlər hakimiyyəti dayanır. WhatsApp-ıma çoxlu sayda mesajlar gəlirdi ki, biz buradayıq, səni öldürəcəyik, səni vuracağıq, ağıllı ol, danışma... Yenə də bildirmək istəyirəm ki, mənim heç kəslə şəxsi problemim yoxdur. Yalnız Azərbaycan hakimiyyətinə qarşı çıxışlar edirəm. Azərbaycan hakimiyyəti də dözümsüzlük göstərir və məndən qisas almağa çalışır."
Almaniyada yaşayan hüquq müdafiəçisi Əfqan Muxtarlı Azərbaycan hakimiyyətinin onu tənqid edənləri müxtəlif yollarla susdurmağa cəhd etdiyini deyir:
"Hücum hadisələri yalnız Məhəmməd Mirzəliyə qarşı törədilməyib. Digər blogerlərə qarşı da törədilib. Eyni zamanda biz, Rauf Mirqədirovun Türkiyədən oğurlanaraq Azərbaycana gətirilməsinin şahidi olmuşuq. Kiyevdən blogerin həbs olunaraq Azərbaycana gətirilib. Mən oğurlanmışam. Daşqın Ağalarlı bir neçə dəfə həbs olunub... Kimləri ki, həbs edə, Azərbaycana gətirə, oğurlaya bilmir, onlara qarşı terror aktları həyata keçirirlər."
Azərbaycan prezidenti İlham Əliyev xarici mediaya müsahibələrindən birində Mirzəliyə qarşı hücumla bağlı ittihamların əsassız olduğunu deyib.
Azərbaycan hakimiyyəti insan haqlarının vəziyyətinə dair tənqidləri bir qayda olaraq rədd edir, Azərbaycanda bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.