İyunun 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ABŞ rəsmisini bölgədə mövcud olan vəziyyət, o cümlədən post-münaqişə mərhələsində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandırıb.
Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.
ABŞ səfirliyi isə bildirir ki, xarici işlər naziri Bayramovla görüş zamanı dövlət katibinin köməkçisi Donfrid ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edib.
"O, ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini vurğulayıb. Enerji təhlükəsizliyi, transmilli təhdidlər və Azərbaycanın Ukraynaya dəstəyini müzakirə edən dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın Azərbaycanla əlagələri genişləndirməyə davam edəcəyini və regiona uzunmüddətli hərtərəfli sülhün tapılmasına dəstək verəcəyini vurğulayıb" , məlumatda qeyd edilir.