Fransada azərbaycanlı blogerə qarşı sui-qəsddə şübhəli bilinən iki şəxs saxlanılıb

Məhəmməd Mirzəli

İyunun 14-də səhər saatlarında Fransa polisi Anje şəhəri yaxınlığında iki nəfəri həbs edib. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, onlar bu ölkədə mühacirətdə olan bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinirlər.

Bu iki şəxs çərşənbə axşamı gömrük əməkdaşları tərəfindən saxlanılıb. Biri tapança ilə silahlanmış azərbaycanlı, o biri türk əsilli moldovalıdır. Hər ikisi Polşada qeydiyyatda olan avtomobildə olub. Onların GPS-i blogerin ev ünvanını göstərib, telefonlarında isə onun şəkli var. Onlardan biri əvvəllər, 2018-ci ildə Kyivdə adam oğurluğuna görə həbs edilib. Bu şəxslərin adları açıqlanmır.

Sərhədsiz Reportyorlar təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Janna Kavelie deyib ki, hər şey Məhəmməd Mirzəliyə üçüncü sui-qəsdin hazırlandığını göstərir.

Həbs edilənlərin birisinin əlində Kalaşnikov avtomatı olan profilindəki şəkildə: “Mən buradayam” yazılıb. Uzun müddətdir Azərbaycan rəhbərliyini kəskin tənqid edən bloger deyir ki, o hər gün, xüsusən də YouTube-da bu tip mesajlar alır.

Mirzəliyə artıq iki sui-qəsd, o cümlədən 2021-ci ilin martında Nantın şəhərinin mərkəzində (bıçaqlanma) olub. Aprelin sonunda bu hücuma görə üçü Azərbaycandan olan dörd kişi məhkum edilib.

Fransa məhkəmələrində blogerə qarşı Azərbaycan prezidentinin yaxınları tərəfindən iddialar qaldırılıb. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, ötən həftə ölkənin keçmiş iqtisadiyyat nazirinin müavininin ona qarşı açdığı böhtan iddiası rədd edilib.