ABŞ Dövlət katibinin köməkçisinin müavini vəkillərlə görüşüb

İyunun 14-də ABŞ Dövlət katibinin köməkçisinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə müavini Kara Makdonald bir qrup vəkillə görüşüb. Görüşdə insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkillər Elçin Sadıqov, Zibeydə Sadıqova və Nemət Kərimli iştirak edib.

Nemət Kərimli Facebook səhifəsində bildirib ki, görüşdə ölkədə insan hüquqlarının vəziyyəti, seçki qanunvericiliyi və Tərtər hadisələri geniş müzakirə olunub.

“Xanım Makdonald bir daha Bayden admistrasiyası üçün insan hüquqlarının, demokratiyanın prioritet olduğunu xüsusi vurğuladı. Ümumi fikir ondan ibarət oldu ki, ölkəmizdə ən əsas problem seçki azadlığıdır, bu həll olunarsa digər məsələlər zamanla həllini tapacaq. Mən bu hakimiyyətin azad seçki keçirmək həvəsində olmadığın bildirdim. Vəkilliyin problemləri də müzakirə mövzusu oldu,” o qeyd edib.

ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald (Kara McDonald) iyunun 15-dək Azərbaycanda səfərdə olacaq.

ABŞ Səfirliyinin məlumatına görə, səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan hüquqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək.