İlham Şaban: Qazaxıstan və Türkmənistanın enerji resurslarının Azərbaycanın infrastrukturu vasitəsi ilə Qərbə daşınması gündəmdədir

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində regionda enerji təhlükəsizliyi və Avropanın enerji təchizatında Xəzər hövzəsi ölkələrinin potensialından danışıb.

Amerikanın Səsi: Bakı Enerji Həftəsi çərivəsində tədbirlərdə enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlər diqqət mərkəzində olub. Hazırda regionda enerji təhlükəsizliyi sahəsində yaşanan əsas problemlər nədir?

Bakı Enerji Həftəsi yeni dövrün yeni çağırışları üçün çox yaxşı bir müstəvidə maraqlı tərəfləri bir araya gətirdi.

İlham Şaban: Nəhayət, iki illik fasilədən sonra yenidən 1994-cü ildən keçirilən ənənəvi Xəzər Neft-Qaz Sərgisi və Konfransı Bakıda fəaliyyətini bərpa etdi. Diqqətimi çəkən heç də iştirak edən şirkətlərin və konfrans iştirakçılarının 2019-cu illə müqayisədə sayının azalması olmadı. Yəni, obyektiv səbəblər var, zəncir qırılıb və indi yavaş-yavaş bərpa istiqamətində getməlidir. Başqa bir tərəfdən bütün Xəzəryanı ölkələr içərisində nazirlər, şirkət rəhbərləri səviyyəsində bu tədbirdə iştirakçıları gördük. Bu da Azərbaycanın enerji qovşağı kimi, o cümlədən də resurslarını dünya bazarına çıxaran bir ölkə kimi diqqət mərkəzində olması ilə özünü cəlb edir. Düzdür, biz burada Türkmənistanı görmədik. Yeganə ölkə idi ki, təmsil olunmamışdı. Ancaq bununla belə Bakı Enerji Həftəsi yeni dövrün yeni çağırışları üçün çox yaxşı bir müstəvidə maraqlı tərəfləri bir araya gətirdi.

Your browser doesn’t support HTML5

İlham Şaban: Qazaxıstan və Türkmənistanın enerji resurslarının qərbə daşınması gündəmdədir

Amerikanın Səsi: Bəs enerji təhlükəsizliyi sahəsində regionda hansı problemlər yaşanır?

Onilliklər boyu ənənəvi olan marşrutlar üzrə enerjinin daşınması, alqı-satqısı məsələləri yavaş-yavaş gündəmdən çıxır.

İlham Şaban: Dünyada 2022-ci ildə hərbi-siyasi gərginlik özünün yeni bir səhifəsinə keçib. Bununla əlaqədar olaraq onilliklər boyu ənənəvi olan marşrutlar üzrə enerjinin daşınması, alqı-satqısı məsələləri yavaş-yavaş gündəmdən çıxır. Fikir verin, mən demirəm birdən kəsilir. Cəmi bir neçə ölkə arasında Rusiya ilə enerji alqı-satqısı dayanıb. Ancaq ümumilikdə Avropa İttifaqının qəbul etdiyi sanksiyalar paketi çərçivəsində ilin sonuna qədər 90 faiz Rusiya neftindən, o cümlədən mavi yanacağından asılılıq azaldılacaq. Başqa bir tərəfdən, əgər Rusiyanı çıxsaq, o cümlədən İranı çıxsaq, çünki İran da artıq on ildən çoxdur ki, sanksiya altında olan enerji ölkəsidir. Azərbaycan, Türkmənistan, Qazaxıstan, bu üç ölkə, o cümlədən Xəzərin sağ sahilindəki Qazaxıstan və Türkmənistanın enerji resurslarının Azərbaycanın infrastrukturu vasitəsi ilə Qərbə daşınması diqqət mərkəzindədir. Maraqlı bir məsələni qeyd edim. Artıq mart ayından Xəzər hövzəsi ölkələri içərisində Qazaxıstan ən çox itki verən enerji ölkəsi kimi yadda qaldı. Çünki Novorossiysk limanından dünya bazarına çıxış dayanıb. İkinci bir tərfdən, Qara dənizdəki təlatüm nəticəsində Qara dəniz limanları vasitəsi ilə neft və neft məhsullarının daşınması çətinləşib. Buna görə də indi Qazaxıstan Azərbyacana maraqlı bir təklif edib ki, onun neftinin bir qismi, təmizlənmiş Azərbaycan neftinin keyfiyyətinə yaxın nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə, digər hissəsi isə Bakı-Supsa kəməri vasitəsi ilə daşınsın. Yəni Qazaxıstan nefti Azərbaycan kəmərləri vasitəsi ilə daşınır. Bu infarstrukturların Azərbaycan üçün nə qədər xeyirli olduğunu biz indi görürük. O cümlədən də Rusiya enerjisindən asılı olan ölkələrin alernativ enerji mənbələrinə üz tutması mif deyil, bir neçə ilə gerçəkləşəcək.

Amerikanın Səsi: Sizcə, regiounun enerji ehtiyatlarının şaxələndirilməsi istiqamətində hansı addımlar atılmalıdır. Bu sahədə daha çox Cənub Qaz Dəhlizinin genişləndirilməsindən söhbət gedir. Bu istiqamətdə razılaşmalar var?

İlham Şaban: 2022-ci ilin fevral ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclasında Avropa İttifaqı elan etdi ki, bəli, Azərbaycandan əlavə qaz həcmlərinin alınmasında maraqlıdır. İkinci bir tərəfdən, onlar bir komissiya təşkil etdiklərini bəyan etdilər ki, həcmlər nə qədər olacaq. Bu yayın sonunadək onu qiymətləndirsinlər. Başqa bir tərəfdən isə artıq elə ölkələr ortaya çıxdı ki, bunların Rusiya ilə həm siyasi, həm iqtisadi əlaqələri güclüdür, enerji baxımından əməkdaşlıqları onilliklər boyu davam edir. Ancaq məhz Bakı Enerji Həftəsində Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair sənəd imzaladılar. Bu, Serbiya idi.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyalar bu ölkənin enerji mənbələrindən Avropa İttifaqı ölkələrinin imtinasına doğru gedir. Bu halda Azərbaycan, Mərkəzi Asiya və regionun digər dövlətlərinin təbii enerji ehtiyatları Avropa İtiifaqı ölkələrinin enerji tələbatını ödəyə bilərmi?

Gələn ildən Bolqarıstan kimi ölkənin qaz ehtiyaclarının 30 faizini Azərbaycan ödəyəcək.

İlham Şaban: Təbii ki, biz ümumi Avropa bazarının ehtiyaclarını ödəmək qabiliyyətində deyilik. Söhbət Azərbaycandan və Xəzərin o tayındakı Türkmənistan və Qazaxıstandan gedir. Bir qismini, əsasən də Rusiya neft və qazından çox asılı olan ölkələrin şaxələndirilməsi, enerji ehtiyatlarının yarıbayarı ödənməsində öz töhfəmizi verə bilərik. Məsələn, artıq gələn ildən Bolqarıstan kimi ölkənin qaz ehtiyaclarının 30 faizini Azərbaycan ödəyəcək. Ancaq bununla belə, boru kəmərinin genişləndirilməsini gözləmədən onlar Azərbaycandan daha bir milyard kubmetr qaz həcmi almaq istəyir. Bununla da onlar Türkiyə ilə birgə Trans-Balkan boru kəmərinin imkanlarını reallaşdırmaq istəyirlər. Bu cür imkanların digər kiçik ölkələrdə də relalaşdırılması kifayət qədər mümkündür.