Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb. Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır.
Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir. Son illərdə yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub.
Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatımlı deyil.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 2020-ci ilin martından ölkənin quru sərhədləri bağlıdır.
Ekspertlərin firkincə, bu münasibət insanların hərəkət azadlığına ziddir və ölkədə koronavirusa yoluxma halları 10-20 nəfər arasındadırsa sərhədlərdə xüsusi karantin rejimi tətbiq edilə bilməz.
Cəmil Həsənli: Təyyarə biletinin qiymətləri təyyarə benzininin alovundan bərk ərşü-əlayə qalxır
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli sual edir ki, "axı necə olur Formula 1 yarışlarına xarici vətəndaşlar quru yolu ilə Azərbaycana gəlib-qayıda bilir, ölkə vətəndaşlarının üzünə bu yollar artıq illərdir bağlıdır. Pandemiya arxada qalıb. Bütün ölkələr sərhədlərini açıb, turizmdə marağı olan ölkələr koronavirusla bağlı bütün test kağız-kuğuzundan imtina edib. Əliyev rejimi isə ölkəni qapalı zonaya çevirib".
Axı necə olur Formula 1 yarışlarına xarici vətəndaşlar quru yolu ilə Azərbaycana gəlib-qayıda bilir, ölkə vətəndaşlarının üzünə bu yollar artıq illərdir bağlıdır.Cəmil Həsənli, Milli Şuranın sədri
Onun dediyinə görə, Türkiyədə 20 mindən artıq azərbaycanlı tələbə oxuyur, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır, İrana gediş-gəliş dayanıb, Gürcüstanda soydaşlar yaşayır.
"AZAL-dan (Azərbaycan Hava Yolları-red) bilet almaq hər kəsin cibinə görə deyil. Qiymətlər od tutub yanır, tüstüsü təyyarə benzininin alovundan da bərk ərşü-əlayə qalxır" , o qeyd edib.
Həsənli hesab edir ki, Formula 1 yarışlarına gələnə sərhəd qapılarını açıb onu vətəndaşın üzünə bağlamaq diskriminasiyadir.
"Ölkə vətəndaşı Şimal sərhəd qapılarına gəlib aylarla çadırlarda sərgərdan həyatı yaşayırlar. Hakimiyyət öz vətəndaşlarını ölkəyə buraxmır. Borçalıda elə bir ailə yoxdur ki, Bakıda, Gəncədə kimsəsi yaşamasın. İllərdir övlad valideyni, valideyn övladlarını görə bilmir. Hətta, bədnam Berlin divarları mövcud olanda ailələrin gediş-gəlişinə qadağa qoyulmamışdı. Hökumət quru yollarının bağlanmasının, keçid məntəqələrinin qapısına qıfıl vurulmasının izahını verməlidir. Bu, milyonlarla insanın hərəkət azadlığını qadağan etməkdir, bəli məhdudlaşdırmaq yox, qadağan etməkdir. Yoxsul, imkansız, işsiz, ehtiyac içində olan ailələrin bir tikə çörək qazanmaq imkanı əldə etdiyi sərhədyanı ticarətin qapadılması deməkdir. Özləri kamyonlara gətirə bilərlər, amma vətəndaş balasına 2-3 kiloqram ərzaq gətirə bilməz" , o, Facebook səhifəsində yazıb.
Nazim Bəydəmirli: Azərbaycan hökuməti vətəndaşların qarşısında məsuliyyət hiss etmir
İqtisadçı ekspert Nazim Bəydəmirli Amerikanın Səsinə bildirib ki, Azərbaycanla həmsərhəd ölkələr bir il öncə quru sərhədlərini açıb.
"Rusiyanın Gürcüstanla sərhədləri də ötən ildən açılıb. Avropa Birliyi ölkələrində də pandemiya ilə bağlı bağlanan sərhədlər tez bir zamanda açıldı. Bu mənada Azərbaycan vətəndaşlarının öz ölkəsinə quru yolu ilə gedib-gəlməsinin qarşısının alınması şox təəccüblü qarşılanır. Xaricdə, o cümlədən Gürcüstanda, Rusiyada yaşayan soydaşlarımız və vətəndaşlarımız ailələri ilə birgə ölkəsinə gəlib-gedir. Azbüdcəli ailələr təyyarə ilə bahalı biletləri ala bilmir. Eyni zamanda, sərhədyanı ticarətlə məşğul olanlar da quru sərhədlərinin bağlı olmasından ciddi itkilərə məruz qalır".
Azərbaycan hökuməti hesabatlı olmadığına, vətəndaşların qarşısında məsuliyyət hiss etmədiyinə görə, vətəndaşların problemlərini heçə saydığına görə belə addımlar atır.Nazim Bəydəmirli, ekspert
O, insanların quru sərhədlərinin açılmasını 2021-ci ildə gözlədiyini deyib.
"İnsanlar koronovirusa qarşı peyvənd olunub və bu sahədə ciddi səngimələr mövcuddur. Amma görünən odur ki, Azərbaycan hökuməti hesabatlı olmadığına, vətəndaşların qarşısında məsuliyyət hiss etmədiyinə görə, vətəndaşların problemlərini heçə saydığına görə belə addımlar atır. Xüsusən də dövlət şirkətlərinin, AZAL kimi dövlət şirkətinin zərərlə işləməsi, başqa ölkələrin aviaşirkətlərinə nidbətən daha yüksək qiymətlə biletlər təklif etməsi Azərbaycan vətəndaşlarına hörmətsizlikdir".
Ekspertin fikrincə, xalqlar arasında humanitar münasibətləri yaxşılaşdırmaq üçün ticarət münasibətləri önəmlidir.
"Sərhədyanı ticarət həm də aztəminatlı ailələrin büdcəsinin formalaşdırılmasında önəmli rol oynayır. Digər tərəfdən isə artıq bir neçə ildir ki, gömrük orqanları tərəfindən elektron ticarət məhdudlaşdırılıb, fiziki şəxslərin istehlak mallarını alışı ilə bağlı aylıq həcm 300 dollaradək endirilib. Görünən odur ki, Azərbaycan hökuməti nə vətəndaşları, nə də sahibkarları sayır. Buna mənim münasibətim çox kəskin pisdir".
Bəydəmirli hesab edir ki, Operativ Qərargah bu illər ərzində pandemiyanın müxtəlif dövrlərində fərqli addımlar ataraq, gah metroya girişə icazə verib, gah icazə verməyib, gah ictimai nəqliyyatı məhdudlaşdırıb, o cümlədən səhiyyə sahəsində Azərbaycan hökuməti pandemiya ilə bağlı "sinifdə qalıb".
"Azərbaycan hökuməti bizim gözləntilərimizi təmin etmədi. Bu baxımdan professor Cəmil Həsənli vətəndaşların düşündüyünü dilə gətirib və 99 faiz düz yazıb" , o qeyd edib.
Natiq Cəfərli: Quru sərhədlərinin epidemioloji vəziyyətlə bağlı qapalı saxlanılması absurddur
İqtisadçı Natiq Cəfərli Ameriksanın Səsinə bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması epidemioloji vəziyyətlə əlaqələndirilə bilməz, bunun məntiqi yoxdur.
Your browser doesn’t support HTML5
"Azərbaycanın qonşu ölkələri quru sərhədlərini aylar öncə, hətta bəzi ölkələr illər öncə açıb. Məsələn, Gürcüstan sərhədləri qısa bir müddət qapalı saxladı, sonra açdı. Bu gün Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, bütün qonşu ölkələrin quru sərhədləri açıqdır. Bu gün Azərbaycanda quru sərhədlərin bağlı saxlanılması hansısa bir virusun yayılması, epidemioloji vəziyyətlə izah oluna bilməz".
Quru sərhədlərinin bağlı olması Azərbaycan Hava Yolları QSC-nin və onun törəmə şirkətlərinin işinə yarayır. Çünki, təyyarə biletlərinin qiymətləri kifayət qədər yüksəkdir.Natiq Cəfərli, ekspert
Ekspert hesab edir ki, quru sərhədlərin bağlı saxlanılmasının başqa səbəbləri varsa, dövlət orqanları buna aydınlıq gətirməlidir.
"Dövlət orqanlarının bununla bağlı bir izahı da yoxdur".
Onun firkincə, quru sərhədlərinin bağlı olması Azərbaycan Hava Yolları (AZAL) QSC-nin və onun törəmə şirkətlərinin işinə yarayır.
"Çünki, təyyarə biletlərinin qiymətləri kifayət qədər yüksəkdir. Yay mövsümünü, turizm mövsümünü, qonşu ölkələrdə, o cümlədən Gürcüstanda, Rusiyada, Türkiyədə kifayət qədər çox soydaşlarımızın yaşadığını nəzərə alsaq quru sərhədlərinin bağlı olması, təyyarə biletlərinin də çox baha olması ailələrin belə bir-brini uzun müddət görməməsinə səbəb olur. Yəni, kifayət qədər ciddi sosial problemlər də yaradır".
O hesab edir ki, hökumət orqanları quru sərhədlərinin hansı səbəbdən bağlı olması ilə bağlı ağlabatan bir izahat verməlidir.
"Əgər ağlabat başqa səbəb yoxdursa, quru sərhədlərinin epidemioloji vəziyyətlə bağlı qapalı saxlanılması absurddur. Ona görə də quru sərhədləri tezliklə açılmalıdır. Bu Azərbaycanın özünə də xeyirdir. Çünki turizm potensialını inkişaf etdirmək istəyən ölkə quru sərhədlərini bağlı saxlaya bilməz. Hökumət nə ağlabatan izahat verir, nə də sərhədləri açır. Parodoksal bir vəziyyət yaranıb" , o qeyd edib.
Bununla yanaşı, Nazirlər Kabineti Amerikanın Səsinin quru sərhədlərinin açılmamasının səbəbləri ilə bağlı sorğusuna hələ cavab verməyib.