“Anam qorxur, psixoloji durumu yaxşı deyil. Evdən çölə çıxa bilmir.” Bu sözləri özünün ictimai fəaliyyətinə görə anasının döyüldüyünü bildirən Rəbiyyə Məmmədova deyir: “Həkimlə danışmışıq, onun sözlərinə görə, anam əməliyyat olunmalıdır. Artıq bir neçə müddətdir ayağa qalxa bilmir, yeriyə bilmir.”
İyunun 3-də Rəbiyyə Məmmədova sosial şəbəkə vasitəsilə 59 yaşlı anası Bəsti Məmmədovanın iş yerində döyüldüyü ilə bağlı məlumat yayıb. Anasına qarşı təzyiqin sifarişli olduğunu güman edən ictimai fəal polisə şikayət edildiyini bildirib.
“Rəsmilərdən hər hansı bir reaksiya görməmişik. Hal-hazırda iş 5-ci polis bölməsindədir. Həmin bölməyə biz 3 dəfə ərizə ilə müraciət etmişik, izahat yazmışıq. İş tədqiqatdadır, biz tədqiqatın gedişini gözləyirik” – deyə, ictimai fəal bildirir.
Anasının psixoloji durumunun yaxşı olmadığını deyən Məmmədova əlavə edir ki, ona zənglər edərək, şikayətini geri götürülməsi ilə bağlı hədə-qorxu gəlinir: “Mən anamdan telefonu aldım ki, bundan sonra mənə zəng etsinlər. İndi də, minnətçilər göndərirlər ki, yaxşı deyil ikiniz də qadınsız, ərizəni geri götürün, ikiniz də biabır olacaqsınız".
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev nazirliyin Bəsti Məmmədovanın döyülməsi ilə bağlı şikayətdən məlumatlı olduğunu və polis tərəfindən araşdırma aparıldığını bildirib.