Rusiya postsovet ölkələri üçün təhlükədirmi?

"Vladimir Putinin hərəkətləri bütün ölkələr üçün siqnal oldu ki, o, sərhədləri tanımır və bu, onun hərbi ambisiyalarıdır."

Bu barədə iyunun 9-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger yerli media üçün keçirtdiyi brifinqdə Turan agentliynin "Azərbaycan və ya digər keçmiş sovet respublikaları da Ukrayna kimi təcavüzə məruz qalarsa, ABŞ onlara hərbi dəstək göstərəcəkmi?" sualının cavabında bildirib.

Səfir əlavə edib ki, Rusiya çox irrasional və gözlənilməz hərəkət edə bilər: "Mən region ölkələrinin niyə belə narahat olduqlarını başa düşürəm."

ABŞ səfiri daha sonra da əlavə edib: "Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək."

Öz növbəsində, siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə açıqlamasında bildirib ki, hazırda Rusiya qlobal sülh üçün, təhlükəsizlik üçün ciddi problemə çevrilib:

Your browser doesn’t support HTML5

Nəsimi Məmmədli: Azərbaycan təhlükəsizliyini təmin etmək üçünTürkiyə ilə hərbi strateji müttəfiqliyini gücləndirməlidir

"Rəsmi Rusiya siyasətində xüsusilə postsovet məkanına yönəlik bir aqressiya müşahidə olunmaqdadır. Rusiyada rəsmi dairələr belə düşünür ki, postsovet məkanında olan ölkələr xarici siyasətini, eyni zamanda bəzi hallarda daxili siyasətini Rusiya ilə uzlaşdırmalıdır. Rusiya ilə bunu koordinasiya etməlidir. Yaxud tamamilə Rusiyanın vassalına çevrilməlidir. Rusiya bura hər hansı formada təsirini göstərməlidir. Bu baxımdan Rusiya postsovet ölkələri üçün ciddi təhlükə mənbəyi olaraq qalır".

Nəsimi Məmmədli

Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycan təhlükəsizliyini təmin etmək üçün Türkiyə ilə hərbi strateji müttəfiqliyini gücləndirməlidir: "Postsovet məkanının, xüsusilə Orta Asiya, Cənubi Qafqaz olsun burada təhlükəsizliklə bağlı məsələlər NATO çərçivəsində həlli baxımından xeyli dərəcədə problematik görünür. Çünki NATO-nun özünün də standartları var. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlərin qurulması üçün bəlli bir məsafə qət edilməlidir. Bu baxımdan postsovet məkanı mürəkkəb vəziyyətlə üzləşir. Rusiya çalışır ki, özünün hərbi-siyasi rəqabətdəki itkilərini özü gücünü nümayiş etdirməklə bərpa etsin. Bu baxımdan bu təhlükəni bütün dövlətlər nəzərə almalıdır. Azərbaycan bunu hansı formada edə bilər?

Azərbaycan daha çox Türkiyə ilə hərbi strateji müttəfiqliyini gücləndirməklə bunu etmək imkanındadır. Türkiyə bir NATO dövlətidir. Ən azı Türkiyənin Azərbaycandakı gücünün artması ilə kifayət qədər öz təhlükəsizliyini təmin edə bilər. Cənubi Qafqazda Gürcüstan, Ermənistan, bunlar da daha çox çalışır ki, Rusiyanın təziyiqindən müəyyən qədər yayınsınlar. Rusiyanı qıcıqlndıracaq addımlar atmasınlar. Eyni məsələ Orta Asiya üçün də keçərlidir. Amma burada yeganə çıxış yolu budur ki, doğrudan da beynəlxalq güclər xüsusilə ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın zəiflədilməsi prosesini davam etdirməlidir. Rusiya zəiflədiyi təqdirdə bu təhlükə azalacaq. Əks təqdirdə regionda yerləşən dövlətlərin bunun qarşısında hansısa kontur addımlar atması xeyli dərəcədə çətin görünür".

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Beynəlxalq ictimaiyyət Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rusiya rəsmiləri isə iddia edirlər ki, onların Ukraynanı işğal etmək niyyəti yoxdur, məqsədləri onun neytrallığına nail olmaqdır.

Qeyd : Azərbaycan xarici işlər nazirinin müavini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Ukraynadakı vəziyyətə toxunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.

"Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Mövcud durumda vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib" , Xarici Işlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.