İyunun 9-da Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna ölkəsində islam dininin təhqiri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin məlumatında deyilir.
Səbəb Hindistanın hakim partiyası rəsmilərinin islam dini və Məhəmməd Peyğəmbərin əleyhinə təhqiramiz ifadələr işlətməsi olub. Nazirlikdə belə münasibətin qəbuledilməz olduğu bildirilib.
Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınaması Hindistan səfirinin diqqətinə çatdırılıb.
Belə halların müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi vurğulanıb.
Qeyd olunub ki, sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsi gözlənilir.