Azel.TV saytının rəhbəri Əfqan Sadıqov 2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezident İlham Əliyevin mayın 27-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.
Sadıqov 2021-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Jurnalist Amerikanın Səsinə həbs yerlərində aclıq edənlərin müalicəsi, saxlanılma şəraiti və həbsinin səbəblərindən danışıb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Həbsxana həyatınız necə keçdi? 242 gün aclıq etdiniz? Necə dözdünüz? Həbsxanada aclıq edənlərə qayğı varmı, məhbusların və idarəedicilərin münasibəti necədir?
242 gün aclıq aksiyam oldu, dözdüm. Çünki burada iradənin köməyi oldu. Burada prinsipiallıq oldu. Qarşı tərəfin susdurmaq istəyi məni bir az da alovlandırdı.
Əfqan Sadıqov: Həbsxana həyatım ilk həbs günündən sonunadək keşməkeşli, əziyyətli oldu. Çünki həbs olunduğum gündən mənə qarşı qərəzli yanaşıldı. Həm də ki, orada ailəmlə görüş, telefon əlaqəsini tamamilə kəsdilər. Yəni, məni çöldən demək olar ki, təcrid etdilər. Çox çətin oldu. 242 gün aclıq aksiyam oldu, dözdüm. Çünki burada iradənin köməyi oldu. Burada prinsipiallıq oldu. Qarşı tərəfin susdurmaq istəyi məni bir az da alovlandırdı. Bu işdə mübarizə eşqimmi deyim, dözümümmü deyim fəallığımı gücləndirdi.
Amerikanın Səsi: Bəs, sizə qarşı münasibət necə idi? Müalicə müəssisəsində vəziyyət necədir?
Psixoloji olaraq çox güclü təsir var idi.
Əfqan Sadıqov: Mənə qarşı münasibətdə psixoloji olaraq çox güclü təsir var idi. Yəni, psixoloji güclü ona görə deyirəm ki, aclıq aksiyamı dayandırmaq üçün bütün vasitələrdən istifadə etdilər. Təbii ki, mən onlara məhəl vermədim. Dayanıqlıq göstərdim. Onların da fikirlərini bilirdim. Özüm də ortaya bir məqsəd qoymuşdum. Mənə qarşı münasibət normal idi. Yəni, yalan deyə bilmərəm. Normal idi. Həkim kollektivinin, Penitensiar Xidmət əməkdaşlarının münasibəti normal idi. Səbəb nə idi? Kim tapşırmışdı? Onu bilmirəm. Amma mənə qarşı çox yüksək diqqət var idi.
Amerikanın Səsi: Bəs tələblərinizə münasibət necə idi? Tələbləriniz nə idi?
Onların korrupsiyada, narkotik ticarətində əli olmasını bildirmişdim. Hazırda da faktlar var.
Əfqan Sadıqov: Tələbim? Yəni mənə qarşı haqsızlıq olunub. Mən həmişə deyirdim ki, Facebook səhifəmdə, YouTube kanalımda, internet səhifəmdə ən yüksək vəzifəli məmurları tənqid etmişdim. Onların korrupsiyada, narkotik ticarətində əli olmasını bildirmişdim. Hazırda da faktlar var. Məni qərəzli olaraq həbs etdilər. Çünki mənə bir çox halda dostluq təklifi olundu, maddi təkliflər olundu. Mən onları qəbul etmədim. Konkret olaraq bu vəsaitlərdən imtina etdikdə artıq məni susdurmaq üçün həbs etmək qərarına gəldilər.
Amerikanın Səsi: Həbs həyatınız zamanı psixoloji təzyiqlərdən danışdırnız.
Əfqan Sadıqov: Bəli, psixoloji təzyiqlər olurdu.
Amerikanın Səsi: Hansı formada psixoloji təzyiqlər olurdu?
27-28 kvadratmetrlik palatada 7 nəfər var idi. Tərpənməyə belə yer yox idi.
Əfqan Sadıqov: Məsələn, məni müalicə müəssisəsində (sentral deyilən yer) ən ağır xəstələrin reanimasiya şöbəsində yerləşdirmişdilər. Deyək ki, bizim reanimasiya şöbəsində digər şöbələrdən olan şübhəli ağır xəstələri yerləşdirmişdilər. 27-28 kvadratmetrlik palatada 7 nəfər var idi. Tərpənməyə belə yer yox idi. Orada qara ciyəri sıradan çıxmış xəstələr var idi. Bəlkə bir az kobud çıxacaq. Ağzından qara ciyəri parça-parça gəlib tökülən bir xəstə də var idi. Səhərə qədər qışqırıb ölən bir xəstə də var idi. Bu cür baxımdan psixoloji təsirlər var idi.
Amerikanın Səsi: Müalicəniz necə təşkil edilirdi? Dərmanlar verilirdimi? Həkimlərin münasibəti necə idi? Ümumi müalicə necə təşkil edilirdi?
Əfqan Sadıqov: Müalicə çox gözəl idi. Yəni, mənimlə bir palatada və başqa palatada olan məhkumlar deyirdilər ki, onlar müalicə olunmaq istəyirlər, lakin müalicə etmirlər. Əfqan müalicə olunmaq istəmir, amma Əfqana hər gün torba-torba dərmanlar gəlir. Diqqət yaxşı idi. Yəni yalan deyə bilmərəm.
Amerikanın Səsi: Siz bir sıra faktları dərc edibsiniz. Məhkəmə prosesi zamanı həmin faktlar araşdırıldımı? İndi nə fikirdəsiniz?
Məni müdafiə edən insanlar belə, çox möhkəm sıxışdırılırdı, təhdid olunurdu.
Əfqan Sadıqov: Mənim əleyhimə kampaniyalar aparıldı. Müdafiəçilərimə təzyiq edildi ki, məni müdafiə etməsinlər. Ailəmə də təzyiqlər edildi və sonda demək olar ki, tək qaldı. Sağ olsunlar, peşəkar və müstəqil Azərbaycan mətbuatında işıqlandırılırdı. Ardıcıl məlumatlar dərc edirdilər. Amma məni müdafiə edən insanlar belə, çox möhkəm sıxışdırılırdı, təhdid olunurdu. Mən faktları ortaya qoysam da araşdırılmadı. Mənim müdafiəçim, vəkil Elçin Sadıqov faktlar ortaya qoysa da doğruluğumuzu sübut edə bilmədik. Amma qarşı tərəfin yalanı doğru kimi ortaya qoyuldu.
Amerikanın Səsi: Hazırda hansı fikirdəsiniz? O faktların araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etmək fikrindəsinizmi?
Əfqan Sadıqov: Azərbaycanda xeyr. Biz beynəlxalq təşkilatlara, Avropa Məhkəməsinə müraciət etmişik. Azərbaycanda məhkəmələr, hüquq mühafizə orqanları eyni fikirdədir. Bir-birini müdafiə edirlər.
Amerikanın Səsi: Siz bildiribsiniz ki, həbsiniz jurnalist kimi susdurulmağınıza xidmət edir. Həbsdən sonra jurnalist kimi fəaliyyətinizi davam etrdirisiniz, yoxsa yox?
Əfqan Sadıqov: Bəli, əvvəlkindən daha inamla, daha diqqətli, daha da dəqiq fəaliyyətimi davam etdirəcəm. Əvvəlkindən daha da güclü və sevərək jurnalist fəaliyyətimi davam etdirəcəm.