Cəzaçəkmə müəssisəsində insident barədə xəbərləri Penitensiar Xidmət təkzib edir

Həbsxan

İyunun 7-də sosial şəbəkələrdə Bakıda yerləşən 11 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə vəzifəli şəxsin və məhkumun yaralanması ilə nəticələnən qarşıdurmanın baş verməsi barədə məlumatlar yayılıb. Qarşıdurma zamanı ciddi xəsarət alan azı 5 məhkumun Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirildyi bildirilir.

Yayılan xəbərlərdə insidentin səbəbi kimi cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məhkumlara qarşı pis rəftarı gösərilir. Həmçinin insident zamanı cəzaçəkmə müəssisəsinin xəsarət alan məmurlarının adları da xəbərlərdə yer alıb.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə yayılan məlumatları təkzib ediblər.

"11 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən insidentin baş verməsi ilə bağlı yayılan xəbərlər əsassızdır. Ümumiyyətlə, cəzaçəkmə müəssisələrinin heç birində belə hal qeydə alınmayıb," İctimaiyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

Azərbaycanda cəzaçəkmə müəssisələrində son illərdə qarşıdurmalar barədə məlumatlar qeydə alınmayıb. Lakin 1990-cı illərin sonlarında Qobustan Qapalı Həbsxanasında insident zamanı hökumətə müxalif olan bir neçə keçmiş hərbçi məhkum öldürülüb. Bununla yanaşı həmin illərdə iki halda həbs yerlərində məhbusların qiyamı qeydə alınıb. Son məlumat isə 2015-ci ilin sentyabrına aiddir. Bu zaman 2 saylı cəzaçəkmə müəssisəsində insidentlə bağlı məlumatlar yayılıb.