Severodonetskdə döyüşlərin davam etdiyi bir vaxt Kyivdə partlayışlar eşidilib

Ukrayna qüvvələrinin ölkənin şərqində strateji əhəmiyyətli Severodonetsk şəhərində Rusiya qoşunlarına qarşı döyüşdüyü bir vaxt, paytaxt Kyivdə bazar günü səhər partlayışlar eşidilib.

“Şəhərin Darnitski və Dniprovski ərazilərində bir neçə partlayış olub. Həmin yerlərdə yanğınların söndürülməsi həyata keçirilir” – deyə, paytaxt meri Vitali Kliçko hava hücumu xəbərdarlığından qısa müddət sonra Telegram vasitəsilə bildirib.

“Hal-hazırda infrastruktura edilmiş raket hücumu nəticəsində həlak olanlar yoxdur. Bir yaralı xəstəxanaya yerləşdirilib.”

Ukrayna rəsmilərinə əsasən, aprelin 28-dən bəri Kyivə ilk dəfə edilən raket hücumu dəmir yolu infrastrukturunu hədəfə alıb.

Eyni zamanda, Luhansk vilayətində yerləşən Severdonetsk şəhərində azı 11 nəfərin öldürüldüyü bildirilir.

“Küçə döyüşlərinin davam etdiyi Severodonetskdə vəziyyət olduqca mürəkkəbdir” – deyə, Zelenski şənbə günü axşam saatlarında gündəlik müraciəti zamanı bildirib.

Ukrayna prezidenti əlavə edib ki, Donbasın qərbindəki şəhərlər davamlı hava hücumları, artilleriya və raket atəşi altındadır, amma Ukrayna qüvvələri müqavimət göstərməyə davam edir.

Severodonetsk Luhansk ərazisində Ukraynanın nəzarətində qalan ən böyük şəhərdir. Rusiya qoşunları Kyiv də daxil olmaqla, ölkənin bir neçə ərazisindən geri çəkildikdən sonra, son həftələr ərzində bu ərazidə irəliləməyə davam edir.