Azərbaycanda nazirlik "RIA Novosti" saytının bloklandığını bildirir

Azərbaycanda "RIA Novosti" agentliyinin internet informasiya resursu bloklanıb.

Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi bu barədə rəsmi məlumat yayaraq, RİA-Novosti agentliyinin saytının bloklanmasının səbəbi kimi Azərbaycana qarşı böhtan xarakterli materialların yayılmasını göstərib.

Mübahisə mövzusu bu yaxınlarda RIA Novosti agentliyinin “Dağlıq Qarabağın dövlət naziri” kimi təqdim etdiyi Artak Beqlaryanla geniş müsahibəsidir.

Həmin müsahibədə Beqlaryan bildirib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sayı artırılmalı və onun mandatına vaxt məhdudiyyəti qoyulmamalıdır.

Beqlaryan habelə yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həllini görmədiyini bəyan edib və Azərbaycanı təxribatlar törətməkdə ittiham edib.

Beqlaryan bildirib ki, Qarabağ Azərbaycan üçün "nüfuz, ambisiya" ​, Qarabağ erməniləri üçünsə “ölüm-dirim” məsələsidir.

Azərbaycan nazirliyi verdiyi qərarı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla əsaslandırıb.

"Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır," nazirlik qeyd edib.

"Sözügedən informasiya agentliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşımışdır."

RIA-Novosti agentliyinin saytına giriş 3 iyun axşam saatlarında bloklanıb.

Rusiya Federasiyası bu dövlət media orqanının internet saytına girişin məhdudlaşdırılması ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bu hadisə ilə bağlı açıqlama ilə çıxış edib.

"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur," o deyib.

Leyla Abdullayeva "RIA-Novosti" agentliyi fəaliyyətinin "həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə" saldığını vurğulayıb.

Son bloklanma Rusiyanın Ukraynaya hücumundan sonra Azərbaycanda qərargahlanan bir neçə xəbər saytlarını öz ərazisində bloklaması fonunda baş verir.

Bu sırada musavat.com, minval.az, Oxu.az, Haqqın.az, Baku.ws, caliber.az və digər saytlar yer alır. Adı çəkilən saytlar Ukraynadakı durumla bağlı rus və Azərbaycan dillərində məlumatlar, reportajlar, Qərb mediasında çap olunan materialları tərcümə edərək dərc edir.

Azərbaycan Mətbuat Şurası aprel ayında yaydığı bəyanatda rəsmi Moskanın bu addımlarını "beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə etinasız yanaşma" kimi dəyərləndirmişdi.