İyunun 1-də Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Xalq Cəbhəsi Partiyasının qadın fəalları və bir qrup vətəndaş Azərbaycan Respublikasının Milli Məclisin önündə aksiya keçiriblər.
Aksiya iştirakçıları "büdcəni talama, pulunu ver balama", "taladın sərvətimi, təhvil ver dövlətimi" şüarlarını səsləndirərək, hökumətdən "uşaqpulu" verilməsini tələb ediblər.
Aksiya ərazisinə polis əməkdaşları cəlb olunsa da, onlar aksiyanın gedişinə müdaxilə etməyiblər.
Daha sonra bir neçə aksiya iştirakçılarısı Milli Məclisə görüşə dəvət edilib. Həmin görüşdə iştirak edən Sevda İsmayılova və Tünzalə Əmirova bildiriblər ki, uşaqpulunun verilməsi Milli Məclisin səlahiyyətində olan məsələ deyil və onlara tövsiyə ediblər ki, bununla bağlı Nazirlər Kabinetinə rəsmi formada müraciət etsinlər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən ilin dekabrında APA-ya verdiyi açıqlamada qeyd edib ki, ölkədə demoqrafik vəziyyətin yaxşı olduğu üçün hökumət əlavə stimullaşdırmaya ehtiyac duymur.
"Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur" - deyə, nazir bildirib.