Vəfa Rüstəm: Məişət zorakılığından daha çox əziyyət çəkən uşaqlardır

Your browser doesn’t support HTML5

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə məişət zoraklığının yaranma səbəblərindən və bu halların qarşısının alınması istiqamətində görüləcək işlərdən danışıb.

Amerikanın Səsi: Məişət zorakılığı faktlarına cəmiyyətdə reaksiyaları necə qiymətləndirərdiniz?

Vəfa Rüstəm: Cəmiyyətimizdə məişət zorakılığına normal hadisə kimi baxırlar. Bunu ictimailəşdirəndə də hər hansı bir ciddi, güclü reaksiya verilməsini də görmürük. Məsələn, mediada yayılan xəbərlərdə də daha çox görürük ki, sanki cəmiyyət cavabı, zorakılığın səbəbini, zərərçəkmişdə axtarır. Buna görə də düşünürəm ki, cəmiyyətlə işləmək lazımdır dövlət tərəfindən. Bunun nəticəsidir ki, cəmiyyət hələ öz mentaliteti ilə, öz köhnə dəyərləri ilə davam edir.

Amerikanın Səsi: Bu sahədə aşkar olunan hadisələr ictimayyətin diqqətini yetərincə cəlb edirmi?

Vəfa Rüstəm: Düşünmürəm ki, yetərincə orada diqqət cəlb eləmək olur. Çünki münasibət belədir. Hər kəs fikirləşir ki, zorakılıq normaldır. Bu tərədilə bilər. Buna aktivistlər, feministlər, qadın hüquq müdafiəçiləri reaksiya göstərirlər. Amma digər əhali qurupu sadəcə "yazıq" deyib geri çəkilir və ya dediyim kimi zərərçəkmişi günahlandırırlar. Bizdə təqsirsizlik prezumpsiyasi deyilən bir anlayış var. Bu, təqsirləndirilən şəxsə aiddi. Amma bu cür məişət zorakılğı hallarında biz zərərçəkmişlərin də təqsirsizlik prezumpsiyasından danışmalıyıq. Yəni onları belə təqsirləndirmək olmaz. Çünki bu ona gətirib çıxardır ki, zorakılıq artır.

Amerikanın Səsi: Qurbanların müdafiəsi və reabilitasiyası üçün hansı gərəkli addımlar atılmalıdır? Hüquqşünas kimi qurbanlara özlərini müdafiə etmək üçün hansı tövsiyələr verərdiniz?

Vəfa Rüstəm: Zərərçəkmişlərə kömək etmək üçün bu işdə ilk növbədə onlara kompleks bir dəstək olmalıdır. Bir qapı olmalıdır, necə ki, ASAN, DOST xidməti kimi. Orada hüquqi, psixoloji yardımlar olmalıdır. Ehtiyac varsa sığınacağa yerləşdirilməlidir. Məsələn, bizdə mühafizə orderlərində və zorakılıq tərətmiş şəxsə verilən xəbərdarlıqda evdən çıxarılması ilə bağlı sənəd yoxdur ki, zərərçəkmiş yox, biz zorakılıq törədən şəxsi çıxardaq. Ona görə də problem oradan yaradılır. Sığınacaqların sayı çoxaldılmalıdır. Onlara kömək edilməlidir. Uşaqlarla bağlı xüsusi psixoloqlar və s. bu işə cəlb edilməlidir. Bizdə zorakılıq hadisələri ilə bağlı uşaqlar çox kənarda qalırlar. Zorakılıq birbaşa uşağa yönəldilməyibsə , uşaq sadəcə şahiddirsə, o, zorakılığın qurbanı kimi tanınmır. Hətta zorakılıq törədən şəxslə onların görüşü təşkil olunur. Onlar da zərərçəkmişlərdir və növbəti travmalar yetirilir. Qanunvericilikdə xeyli sayda dəyişikliklər edilməlidir.

Çox yaxşı olardı ki, onlara müavinətlər ayrılsın. Necə ki, insan alveri qurbanları üçün var. Məişət zorakılığından əziyyət çəkən şəxslər, həmçinin qadınlara qarşı zorakılıqla bağlı ayrıca qanunvericilik yoxdur. Onlara daha həssas yanaşılmalıdır. Onların həm sosial, həm də hüquqi problemlərini həll etmək lazımdır. Bir sıra hallarda isə bunun "kosmetik olduğu" görünür. Əslində müyyən addımlar var. Məsələn DOST xidməti yaxşı xidmətdir. Məsələn sosial xidmətlər agentliyi yaradılıb müyyən qədər. İstənilən səviyyədə deyil. Hesab edirəm ki, daha yaxşı işlər görülə bilər xərclənən büdcə hesabına.

Amerikanın Səsi: Dövlət orqanlarının fəaliyyətində bu problemə münasibətdə dəyişikliklər hiss edirsiniz?

Vəfa Rüstəm: Mən son zamanlar məsələn, BMT-yə dövlətin verdiyi hesabatları, tutaq ki, 5-10 il bundan əvvəl müqayisə edəndə görürük ki, müyyən addımlar atılır. Bu yaxınlarda dövlət hesabına sığınacaq yaradıldı. Hər hansı bir təlimlər keçirilir və s. Amma bunların bəziləri çox sistematik deyil.

Xatırlatma

Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadın cinayətlərinin sayının ildən-ilə artdığını qeyd edirlər. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiyalar keçiriblər. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazımi qaydada cəza görməyincə, qadın qətlləri artmaqda davam edəcək.

Hüquq müdafiəçilərinin hesablamalarına görə, 2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i ərləri tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadındır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAID və BMT-nin İnkişaf Proqramının "Qadınlara və Qızlara Dəstək Olaq" layihəsi çərçivəsində birgə açıqlamasında deyilir ki, Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb.

Baş Prokurorluq bildirib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

"Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkmişdir. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!" #qadınzorakılığınasusma” müraciətdə deyilir.

Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.