Deyvid Satter: Ruslar rejimin əslində millətin düşməni ola biləcəyini başa düşmürlər

Your browser doesn’t support HTML5

Deyvid Satter: Ruslar rejimin əslində millətin düşməni ola biləcəyini başa düşmürlər

Rusiya üzrə alim, Hadson İnstitutunun sabiq aparıcı elmi işçisi və müəllif Deyvid Satter Amerikanın Səsinə müsahibədə Rusiyanın dezinformasiya kampaniyalarından, bu dezinformasiyanın Rusiya vətəndaşları və post sovet məkana təsirləri, habelə ABŞ-ın bu dezinformasiya ilə mübarizə səylərindən bəhs edib.

Amerikanın Səsi: Cənab Satter, ABŞ Dövlət Departamenti 2022-ci ilin yanvarında Rusiyanın hazırda Ukraynadakı əməlləri ilə bağlı da istifadə etdiyi ən çox beş davamlı dezinformasiya hekayəsini sadalayan siyahı dərc edib. Bunlar Rusiyanı əbədi qurban kimi təqdim etmək; tarixi rəvayətləri təhrif edərək Rusiyanı daha tədiredici bir ölkə kimi göstərməyə çalışmaq; Qərb sivilizasiyasının dağıldığını və “ənənəvi dəyərlərdən” uzaqlaşdığını iddia etmək; ABŞ-ı dünyanın bir çox yerində üsyanları qızışdırmaqda və ya rəngli inqilablar hazırlamaqda ittiham etmək; və həqiqət onun maraqlarına uyğun olmadığı halda yalan reallıqlar yaratmaqdır. Rusiyanın dezinformasiyası və bunun Rusiya vətəndaşlarına və postsovet məkana təsirləri haqda nə deyə bilərsiniz?

Deyvid Satter: Onlar öz vətəndaşlarına təbliğat aparmaq çox müvəffəq olublar və əsasən ona görə ki, Rusiyanın əksər dövlət televiziyaları hələ də əsas məlumat mənbəyidir, xüsusən də kənd yerlərində yaşayanlar üçün. Dövlət televiziyasında hadisələrin izahı isə rus xalqının zəifliklərini çox yaxşı bilən insanlar tərəfindən onlara çatdırılır. Onlar rusların milliyyətçilik duyğusuna, böyük güc statusunu itirmək hissinə, yenidən böyük bir dövlətin nüfuzuna sahib olmaq, böyük bir güc kimi rəftar görmək istəyinə və eyni zamanda qorxu aşılaya bilmək istəklərinə xitab edirlər. Rusiyada çox vaxt çox yoxsul yaşayan insanların öz ölkələrinin dünyada qorxu yaratmasını istəməsi Qərb insanı üçün bir növ absurd görünə bilər, amma əslində bu amillər əlaqəlidir. Güclü, hörmətli, qorxduqları, başqalarının uzaqlaşmaq məcburiyyətində olduğu dövlətə yaxından bağlı olmaqla həyatlarında yaşadıqları məhrumiyyətləri kompensasiya edirlər. Bu, individual şəxsiyyətin çox qeyri-sağlam bir hissəsinə çevrilir. Rusiya televiziyasında işləyən və xəbər verilişlərini hazırlayan insanlar isə bu emosiyaya xitab etməkdə çox fərasətli və bacarıqlıdırlar. Onlar xəbərlərdə Rusiyanı əzab çəkən ölkə kimi göstərirlər. Onlar rusdillilərin, məsələn, Ukraynanın şərqindəki rusdillilərin təqib edildiyini göstərirlər.

Bütün bunlar, belə demək mümkündürsə, özünü müdafiə etmək istəyi yaradır. Təəssüf ki, insanlarla təbliğat aləti kimi rəftar etmək kifayət qədər təsirlidir. Rus xalqı isə, ümumiyyətlə, rejimlə millət arasında fərq qoymur. Onlar rejimin əslində millətin düşməni ola biləcəyini və millətdən öz məqsədləri üçün istifadə edə biləcəyini və siyasi məqsədləri və gücləri üçün faydalı olan bir alət hesab etdikləri insan həyatına məhəl qoya bilməyəcəyini başa düşmürlər.

Amerikanın Səsi: Birləşmiş Ştatların ruslara təqdim olunan dezinformasiya qarşı onlara təsir etmək gücü varmı? Və əgər varsa, bunu necə edə bilər?

Deyvid Satter: ABŞ düşündüyümüzdən daha çox gücə malikdir. Birincisi, Rusiya tarixi doludur, mən post-kommunist Rusiya tarixini nəzərdə tuturam ki, bu tarix Rusiya hökumətinin öz vətəndaşlarının həyatına əhəmiyyət verməməsi və hətta siyasi məqsədlər üçün öz vətəndaşlarını öldürməsi nümunələri ilə doludur. Bunun ən böyük nümunəsi Putini hakimiyyətə gətirən 1999-cu ildə baş verən mənzil partlayışları idi. Bu partlayışların Putini prezident etmək üçün FSB tərəfindən həyata keçirildiyinə dair çoxlu sübutlar var. Və gecə yarısı yüzlərlə günahsız insanın partladılması onlar üçün əhəmiyyətsiz idi. Bunun əhəmiyyəti yox idi. Önəmli olan Putinin hakimiyyəti ələ keçirməsi idi. Və yaxud, məsələn, 2004-cü ildə Beslanda baş verən məktəb qırğınıdır ki, həmin zaman onlar girovlar, valideynlər və müəllimlərlə dolu idman zalına qumbaraatan və alov atıcılardan atəş açdılar. Onların vecinə deyil. Ancaq bu, rusların başa düşməli olduğu bir məqamdır. Hələlik əksəriyyət bunu çox başa düşmür, amma bəziləri gənc rus əsgərlərin boş yerə Ukraynada atəşə atıldığını gördükləri üçün bunu anlamağa başlayırlar.

Bu şeyləri işıqlandırmağımız, bu şeylərə dair anlayışımız çox səthidir. Birincisi özümüzü başa düşmək, ikincisi rus auditoriyasına izah etmək baxımında çox səthidir. Problem budur. Özümüz üçün müəyyən etdiyimiz standartları nəzərə alsaq, bu, olduqca çətindir. Digər problem odur ki, ABŞ və ümumilikdə demokratiya bizim 1990-cı illərdə yürütdüyümüz siyasətimiz sayəsində gözdən salındı. Bu, insanların başa düşməli olduğu bir şeydir, çünki biz Rusiyada baş verənləri başa düşmədik və bizdə belə bir fikir yarandı ki, məsələn, Yeltsin demokratiyanın təcəssümü idi və demokratiyanı inkişaf etdirmək üçün Yeltsini dəstəkləmək lazım idi. Yeltsin isə kriminal dövlət qurdu və Yeltsini dəstəkləməklə biz belə təəssürat yaratdıq ki, demokratiya əsasən cinayətkarlar tərəfindən idarə olunur. Və bu düşüncə Rusiyada kifayət qədər dərin kök salıb. Beləliklə, fakt budur ki, ABŞ mesajı insanlara çatdırmaqda çətinlik çəkir, lakin bu, bizim təkmilləşməyə çalışmamağımız üçün səbəb deyil. Düşünürəm ki, bu, nəzəri cəhətdən mümkündür, lakin bunun üçün keçmişdə göstərdiyimizdən daha fərqli və keyfiyyətcə daha yaxşı bir səy göstərməli olacağıq.

Amerikanın Səsi: Bəziləri ABŞ və Rusiyanın Ukrayna müharibəsi ilə bağlı informasiya üstünlüyü uğrunda mübarizə apardığını iddia edir. Bu barədə nə deyə bilərsiniz? Bu mübarizədə kim qalib gəlir?

Deyvid Satter: Bunu demək çətindir. Bilirsiniz ki, bəzi təkzibedilməz faktlar var. Ruslar çox sürətli şəkildə Kyivi ələ keçirməyə çalışdılar, amma buna nail olmadılar. Onlar Xarkivi ələ keçirməkdə müfəvvəq olmadılar.

Onlar Ukraynanın şərqində irəliləyiş əldə edə bilməyiblər, baxmayaraq ki, indi onlar böyük bir hücuma hazırlaşırlar. Beləliklə, deyə bilərik ki, hazırda ruslar ən azından qısamüddətli məqsədlərinə nail ola bilmirlər. Son nəticənin nə olacağını bilmirik. Əgər Ukrayna hakimiyyətinin döyüş zamanı həlak olan insanların sayı ilə bağlı məlumatına inansaq, belə görünür ki, Rusiyanın verdiyi itkilər dəhşətlidir və Rusiya Ukraynada hücum əməliyyatını davam etdirməkdə ciddi çətinlik çəkəcək.

Bunlar bizim ixtiyarımızda olan faktlardır. Qoşunların əhval-ruhiyyəsi, uğurlu taktikalar, ümumi planlaşdırma, ümumi maddi-texniki vəziyyət kimi daha ölçülə bilinməyən amillər, mümkündür ki, hər iki tərəfin yüksək vəzifəli komandirlərinə məlumdur. Ancaq baş verənləri mühakimə edərkən biz daha çox ümumi məlumatlardan nəticə çıxara bilərik. Və belə görünür ki, Rusiya dalana dirənib.

Amerikanın Səsi: Bəzi ekspertlər deyir ki, Rusiya son bir neçə ildə Qərbin regionda təsirini əngəlləməyə çalışıb və Qərb dəyərlərinin yayılmasına qarşı artan əks reaksiyaya səbəb olub. Lakin bütün səylərinə baxmayaraq, bütün postsovet ölkələri Rusiyanın gündəmini tam şəkildə qəbul etməyiblər. Hətta Qazaxıstan və ya Azərbaycan kimi avtoritar rejimlər də Qərbdəki imiclərindən narahatdırlar və Qərb ölkələri ilə yaxşı əlaqələri davam etdirməyə can atırlar. Buna münasibətiniz nədir?

Deyvid Satter: İndi müstəqil dövlət olan digər keçmiş sovet respublikalarının Qərbə üz tutmaq üçün çox səbəbləri var. Texnologiya qərbdədir. İmkanlar buradadır. İqtisadi bazar buradadır. Və buna görə də, tamamilə məntiqlidir ki, onlar Rusiya hökuməti tərəfindən sırf öz maraqları üçün ortaya atılan reallığın ölümcül təsvirinə inanmaq istəmirlər.

Sovet İttifaqının bərpası haqqında danışanda da bunu nəzərə almaq lazımdır. Sovet İttifaqını bərpa etmək üçün ideologiya lazımdır. Rusiyada belə bir şey yoxdur. Onların özlərini olduqlarından daha yaxşı olduqlarına, əslində vəzifədəki insanların gücünü deyil, başqa bir şeyi müdafiə etdiklərinə dair təəssürat yaratmaq üçün hissə-hissə istifadə etdikləri fikir kolleksiyaları var. Amma bu heç Rusiya daxilində belə çox inandırıcı deyil, o ki qaldı onun hüdudlarından kənarda olsun.