İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumatında deyilir ki, mayın 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Mircavad Musayevin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.
"Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib," məlumatda qeyd edilir.
Mircavad Musayevin hansı səbəbdən sərhədi qanunsuz keçməyə cəhd etməsi barədə məlumat verilmir. Onun ailə üzvləri də bu məlumata münasibət bildirməyib.
Bununla yanaşı, iki ölkənin sərhədində insident əsasən narkotik qaçaqmalçılığı ilə bağlı baş verir.
Dövlət Sərhəd Xidmətinin digər məlumatına görə, son günlərdə ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitənin və 4000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu zaman iki halda silahlı insident qeydə alınıb. Narkotik qaçaqmalçıları İran ərazisinə qaça bilib.
Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.
İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.