ABŞ səfiri Dövlət Gömrük Komitəsinə təqdim edilən təlim materiallarını nəzərdən keçirib

ABŞ səfiri Dövlət Gömrük Komitəsində olub

ABŞ Səfirliyi Azərbaycan sərhədlərinin mühafizəsi sahəsində Dövlət Gömrük Komitəsinin işini dəstəkləyir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, ABŞ səfiri Li Litzenberger Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov ilə birgə ABŞ tərəfindən komitəyə ingilis dilinin tədrisi üçün təqdim edilən kompüterləri və təlim materiallarını nəzərdən keçirib.

"Bu avadanlıq və təlim Azərbaycanın quruda və Xəzər dənizində narkotik və silah qaçaqmalçılarının qarşısını almaq qabiliyyətinin artırılmasında mühüm rol oynayır," ABŞ Səfirliyinin məlumatında deyilir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bundan öncə, bu ilin aprelində Azərbaycan Dövlət Gömrük Komitəsinə mobil aşkarlanma avadanlığı da təqdim edib.

ABŞ-ın Dövlət Departamentinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində 1999-cu ildən bəri Azərbaycana 25 milyon ABŞ dollarından çox yardım olunub.

ABŞ Səfirliyi bir qədər əvvəl bildirib ki, bu il təqdim olunan avadanlığın ümumi məbləği 250 min ABŞ dollarından çox olacaq. Bu yardım Azərbaycanın sərhədlərin mühafizəsinin təminatına və qanunsuz daşınmaların qarşısının alınmasına kömək edəcək.

ABŞ-ın Dövlət Departamentinin EXBS proqramı kütləvi qırğın silahlarının yayılması və adı silahların qanunsuz daşınmasının qarşısını almaq məqsədi ilə dünyada icra olunan təşəbbüsdür.​