Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" televiziya şousunun iştirakçısını Rövşən Əsgərov axtarışa verib.
Bundan əvvəl Moskvada nəşr olunan "Bakı" jurnalının direktoru Rövşən Əsgərova qarşı Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Rusiya Cinayət Məcəlləsinin 354.1 maddəsinin 4-cü hissəsi ilə (Nasizmin reabilitasiyası) cinayət işi qaldırılıb. Buna jurnalistin sosial şəbəkələrdə statuslarından birində Rusiya İnzibati Xətalar Məcəlləsinə İkinci Dünya müharibəsi zamanı SSRİ və faşist Almaniyasının rolunun açıq şəkildə eyniləşdirilməsinə görə məsuliyyət haqqında düzəlişlərə görə Rusiya Dövlət Dumasını tənqid etməsi səbəb olub.
"Rusiya İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-da Facebook-da dahi rus sərkərdəsi və Vətənin keşikçisi, Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar dərc edib. Bu əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti tətbiq ediləcək," Rusiya İstintaq Komitəsinin məlumatında deyilib.
Cinayət işi Dövlət Tarix Muzeyinin müraciətindən sonra açılıb. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Əsgərovun əməllərinə prosessual qiymət verilməsini tapşırıb. Paraqraf yazır ki, Əsgərov öz yazısında Jukovu "təcrübəli qarətçi", "poqonlu qatil" və "oğru" adlandırıb.
Təqsirli hesab ediləcəyi təqdirdə Əsgərov 5 milyon rubla qədər cərimə və ya beş ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Əsgərov Rusiyaya qayıtmayacağını bəyan edib.