CPJ: Azərbaycan hakimiyyəti Aytən Məmmədovanın təhlükəsizliyini təmin etməlidir

"Azərbaycan hakimiyyəti jurnalist Aytən Məmmədovaya qarşı təhdidləri və son hücumu tez və hərtərəfli araşdırmalı və onun təhlükəsizliyini təmin etməlidir."

Bu barədə jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

"Aytən Məmmədovaya qarşı son hücum və təhdidlər təkcə ona deyil, Azərbaycanda bütün jurnalistlərə qarşı hücumdur. Azərbaycan hakimiyyəti jurnalistləri qorxutmaq, susdurmaq cəhdlərinin qəbuledilməz olduğu və hücumun sifarişçisi ola biləcək hər kəs də daxil olmaqla, məsuliyyət daşıyanları tez bir zamanda məsuliyyətə cəlb etmək barədə açıq mesaj verməlidir" - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə Proqram Koordinatoru Gülnoza Səid bildirib.

Xatırlatma

Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması ilə bağlı cinayət işinin təhqiqatı Bakı şəhər Baş Polis İdarəsinə verilib.

O, həmçinin mayın 11-də üç gün öncə naməlum şəxsin hücumu nəticəsində aldığı xəsarətlərlə bağlı ekspertizadan keçib.

Məmmədova hücumun peşə fəaliyyəti ilə bağlı olduğunu güman edir. Hücum edən şəxs konkret ad çəkməsə də ondan "məhkəmədən yazmamağı" tələb edib.

Bundan əlavə ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar jurnalist Aytən Məmmədovaya qarşı hücumu pisləyib.