ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro mayın 8-də jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalmasını pisləyib.
Bu barədə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin twitterində deyilir.
"Mən bu hadisənin tez və hərtərəfli araşdırılmasına çağırıram. Belə iyrənc, hədə-qorxu hərəkətləri yolverilməzdir."
Onun fikrinə görə, jurnalistlər öz işlərini təhlükəsiz şəraitdə yerinə yetirməlidir.
Mayın 8-də gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Jurnalistin fiziki hücuma məruz qalması sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş tənqidlərə yol açıb.
Fakta görə cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
"Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir" - deyə, Hacıyev qeyd edib.
Media Agentliyi: Jurnalistin təqib edilməsi yolverilməzdir
Media İnkişaf Agentliyi bildirib ki, baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir" , məlumatda qeyd edilir.
Beynəlxalq təşkilatların gözündə Azərbaycan mediası
Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.
Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.
RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.
Təşkilat qeyd edib ki, beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.
Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var.
Qeyd edək ki, bir il əvvəl Azərbaycan 167-cı yerdə idi.
Azərbaycanın hakimiyyət təmsilçiləri isə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu deyirlər.