Jurnalistə qarşı fiziki zorakılıq tənqidlərlə qarşılanıb - rəsmi mövqe və müxtəlif baxışlar

Mayın 8-də gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Jurnalistin fiziki hücuma məruz qalması sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş tənqidlərə yol açıb.

Fakta görə cinayət işi başlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

"Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir" - deyə, Hacıyev qeyd edib.

Media Agentliyi: Jurnalistin təqib edilməsi yolverilməzdir

Media İnkişaf Agentliyi bildirib ki, baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir" , məlumatda qeyd edilir.

Rüfət Səfərov: Bu məsələlərdə siyasi təlimatlar xüsusi çəkiyə malik olur

Müdafiə Xətti hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Aytən Məmmədovaya qarşı bıçaqla edilən hücum peşə fəaliyyətindən qaynaqlanır.

Your browser doesn’t support HTML5

Rüfət Səfərov: Bu məsələlərdə siyasi təlimatlar xüsusi çəkiyə malik olur

"Son üç ildə Azərbaycan ictyimaiyyətinin diqqətini cəlb edən Tovuz rayonu, Dondarquşçu kəndində azyaşlı qızcığazın qətli ilə bağlı aparılan ibtidai istintaq və məhkəmə araşdırmasında Aytən xanım reportajları, prinsipial araşdırmaları ilə fərqlənib. Buna dair təhdidilər alıb. Hətta mənimlə birbaşa danışıqlar zamanı məlumat verib ki, istifadəsində olan ev telefonuna təhdid və təhqir xarakterli zənglər daxil olub."

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan hüquq gerçəkliyində hücumların, zorakılıların zaman-zaman şahidi olub.

"Hazırda məhkəməsi gedən cinayət işi demək olar ki, siyasiləşib. Birbaşa dövlət başçısı İlham Əliyev cinayət işinin ibtidai itstintaqını nəzarətə götürüb. Məhkəmə araşdırmasında bir çox yüksək rütbəli vəzifəli şəxslərin adları hallanır. İstər-istəməz bu məsələlərdə bir siyasi cizgi var. Bizdə hüquq müdafiəçisi olaraq şübhələr var ki, hakimiyyət daxilində müəyyən qüvvələrin maraq dairəsindədir ki, sözügedən məhkəmə araşdırması tam obyektiv və hərtərəfli aparılmasın. Azərbaycan cəmiyyətinin, azad medianın, o cümlədən Aytən Məmmədovanın araşdırmalarına diqqət yetirsək, o bütün məhkəmə iclaslarında iştirak edib. Vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri, azad media səylərini birləşdiməlidir, ictimai nəzarətin dərəcəsini yuxarı qaldımalıdır ki, hüquq mühafizə orqanları özlərində məsuliyyət hiss etsin," o qeyd edib.

Hüquq müdafiəçisi Elmar Hüseynovun qətlindən başlayaraq çoxsaylı jurnalistlərin fiziki zorakılığa məruz qalması ilə bağlı hadisələrin hələ də açılmamasına diqqəti cəlb edərək deyib ki, Azərbaycan hüquq gerçəkliyində siyasi və ictimai yükü olan cinayət təqibləri bir qayda olaraq açılmayıb və yaxud cəmiyyətdə inandırıcılıq baxımından doğru-dürüst apaşdrılmadığına dair şübhələr var.

"Elmar Hüseynovun, Rafiq Tağının, son ayların təcrübəsini götürsək Tofiq Yaqublunun, Bəxtiyar Hacıyevin, növbəti və sonuncu hadisə kimi Aytən Məmmədovanın hadisəsi göstərir ki, bu kimi zorakılıq aktları sanki Azərbaycan üçün adi xarakterlidir. Bu kimi işlərdə, düşünürəm ki, hüquq-mühafizə orqanları sərbəst hüquqi iradəyə malik deyil. Bu məsələlərdə siyasi təlimatlar daha çox xüsusi çəkiyə malik olur," o qeyd edib.

Səfərov, həmçinin jurnalist Bahəddin Həziyev, Fikrət Hüseynli, Aqil Xəlil və digərlərinin də fizki zorakılığa məruz qalması faktlarına hələ hüquqi qiymət verilmədiyini bildirib.

"Bütün bunların ümumi birləşdirici cəhəti var. Azərbaycanda çox təəssüf ki, özünü ifadəetmə azadlığı rəsmi hüquq siyasətində sanki bir tanınmaz hala gəlib. Söz, fikir, mətbuat və məlumat azadlığı demokratik institutlar baxımından hakimiyyət tərəfindən bir qayda olaraq iqnor edilir. Adını çəkdiyimiz insanların hamısı hakimiyyətin fəaliyyətini tənqid edənlər kimi tanınır. Onlar zorakılığa məruz qalanadək zaman-zaman şifahi təhdid və təzyiqlər alıblar," hüquq müdafiəçisi qeyd edib.

Rəsul Cəfərov: Jurnalistlərə qarşı təhdidlərin araşdırılmaması dövlətin imicinə zərbə gətirmiş olur

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin (BİHK) sədri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, jurnalistə qarşı hücumdan narahatdır.

Your browser doesn’t support HTML5

Rəsul Cəfərov: Jurnalistlərə qarşı təhdidlərin araşdırılmaması dövlətin imicinə zərbə gətirmiş olur

"Jurnalistin yaşadığı binanın liftində naməlum şəxs tərəfindən bıçaq istifadə edilməklə fiziki zorakılığa məruz qalması və peşə fəaliyyəti ilə əlaqədar hədələnməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq obyektiv, tam və hərtərəfli şəkildə araşdırılmalı, təqsirkar şəxs və ya şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Araşdırma yalnız fiziki qəsdlə məhdudlaşmamalı, jurnalistin hədələnmə səbəbləri və işin motivi müəyyən edilməlidir," o qeyd edib.

Hüquq müdafiəçisi son bir neçə ildə jurnalistlərə qarşı təhdidlərə hüquqi qiymət verilməməsindən danışarkən deyib ki, belə halların araşdırılmaması həm də dövlətin imicinə bir zərbə gətirmiş olur.

"Çünki həmin işlərin böyük əksəriyyəti nəticədə Avropa Məhkəməsinə gedir və orada ya 10-cu maddə (ifadə azadlığı) və yaxud müvafiq maddələrin pozuntusu kimi tanınır. Bu hadisələrin ölkədə araşdırılmamasının müxtəlif səbəbləri ola bilər. Bu hüquq mühafizə orqanlarının fəaliyyətsizliyi, məhkəmə hüquq sistemində çatışmamazlıqlar və yaxud siyasi iradənin olmaması ilə bağlı ola bilər. Ortada cinatət faktı varsa hüquqi qiymətini almalıdır," Cəfərov deyib.

Qulu Məhərrəmli

Qulu Məhrrəmli: Bu dərəbəylik və cinayət faktını pisləyirəm

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli jurnalistə qarşı hücumu pislədiyni bildirib.

"Müstəqilliyi, yüksək peşə məsləki ilə tanınan istedadlı jurnalist Aytən Məmmədovaya dünən axşam hücum olub. Naməlum şəxs onu izləyib və liftdə boğazına bıçaq dirəyərək hansısa məhkəmə prosesindən yazmamağı tələb edib, ailəsini və uşaqlarını təhdid edib. Biz ölkə adına ləkə olan bu dərəbəylik və cinayət faktını pisləyirik, eyni zamanda əmin olmaq istəyirik ki, Daxili İşlər Nazirliyi bu hadisənin sifarişçilərini və icraçılarını tapmaq üçün bütün addımları atacaq," Məhərrəmli bildirib.

Seymur Həzi

Seymur Həzi: Bu işin arxasında çox "böyük" balıqların durduğu heç kimdə şübhə doğurmur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi hesab edir ki, jurnalistə edilən "xəbərdarlıq"dan aydın olur ki, ona "azyaşlı qızın qətli ilə bağlı məhkəmə işi"nə görə hücum ediblər.

"Bu işin arxasında çox "böyük" balıqların durduğu heç kimdə şübhə doğurmur," AXCP sədrinin müavini qeyd edib.

İlqar Məmmədov

İlqar Məmmədov: Qərblə münasibətlərin pisləşməsində maraqlı olanlar zorakı hadisələrə keçmək zərurəti hiss edir

Respublika Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, hələ 10 il əvvəl hakimiyyətin siyasəti hər kəsi həbsə atmaqla qorxutmaq idi.

"Bu siyasət indi bir qədər dəyişib, çünki Avropa Birliyi ilə yeni münasibətlərin qurulması yolları axtarılır. Amma siyasi məhbus sayı tədricən azaldıqca, mövcud məhbusların kimliyi dünyada nisbətən az qıcıq doğurduqca, Qərbin Azərbaycanla münasibətlərini pisləşdirməkdə maraqlı olanlar siyasi həbslər mövzusunu bir qədər boş verib qalmaqallı zorakı hadisələr istehsalına keçmək zərurəti hiss edir. Təqsir yenə də və ona görə hakimiyyətin özündədir ki, siyasi ideyaların həqiqi rəqabətinə açılmaq əvəzinə o, ictimai sahəni qeyri-ideoloji, qeyri-siyasi, yırtıcı maraqlar sahibləri üçün daha sərbəst məkana çevirib," Məmmədov belə hesab edir.