Cümə günü Moskva məhkəməsi Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı yalan məlumat yaymaqda ittiham olunan tanınmış rusiyalı jurnalist Aleksandr Nevzorovun qiyabi həbsinə qərar verib.
Məhkəmə Rusiyanın beynəlxalq axtarışa verdiyi Nevzorovun nə vaxtsa Rusiyaya qayıtması və ya ekstradisiya ediləcəyi təqdirdə iki ay müddətinə həbs ediləcəyini bildirib.Nevzorovun həyat yoldaşı mart ayında İnstaqramda əri ilə İsraildə olduğunu, lakin cütlüyün ora daimi olaraq köçmək fikrində olmadığını yazıb.
Müstəntiqlər Nevzorova qarşı mart ayında sosial şəbəkələrdə Rusiya silahlı qüvvələrinin Ukraynanın Mariupol şəhərindəki doğum evini qəsdən atəşə tutması barədə məlumat yaydığına görə iş açmışdılar.Ukrayna və onun Qərb müttəfiqləri xəstəxanaya hücumu vəhşilik kimi pisləyib. Rusiya xəstəxananın bombalanmasını rədd edərək, Kyivi "təxribat törətməkdə" ittiham edib.
YouTube kanalında 1 milyon 800 mindən çox abunəçisi olan Nevzorov ona qarşı aparılan istintaqı gülünc adlandırıb və Rusiyanın baş müstəntiqinə açıq məktub yazıb, onu işi bağlamağa çağırıb.Rusiya fevralın 24-də Ukraynanı işğal etdikdən səkkiz gün sonra Rusiya ordusu haqqında qəsdən "saxta" xəbər yaymaqda təqsirli bilinən şəxslərə 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanun qəbul edib.