Lisenziyalaşdırılan audiovizual fəaliyyət növlərinin siyahısı müəyyən edilib

Prezident İlham Əliyev

Mayın 6-da prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna görə, Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları müəyyənləşib.

Lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olub.

Eyni zamanda prezident “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Bununla dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı dəyişib.

Qanuna audiovizual media fəaliyyəti anlayışı daxil edilir. Audiovizual media fəaliyyəti növlərinə isə aşağıdakılar daxil edilir:

- Ümumölkə yerüstü televiziya yayımçısı;

- Ümumölkə yerüstü radio yayımçısı;

- regional yerüstü televiziya yayımçısı;

- regional yerüstü radio yayımçısı;

- peyk yayımı həyata keçirən platforma yayımçısı;

- peyk yayımı həyata keçirməyən platforma yayımçısı;

- sifarişli yayım xidməti provayderi;

- sadə platforma operatoru;

- universal platforma operatoru;

- mültipleks operatoru.

Müstəqil ekspertlər hesab edir ki, lisenziya şərtinə tabe etdirilən “platforma yayımçı və operatorları” ilə bağlı tənzimləmələr -media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açır.

Onlar həmçinin düşünür ki, bu həm də xaricdən yayımlanan tənqidi televiziya proqramlarının bloklanması riskini artırır.

Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

Media hüquqları üzrə ekspert, hüquqşünas Xalid Ağalıyev Amerikanın Səsinə deyib ki, yayımla bağlı resurslara lisenziya tələbinin tətbiq olunması yolveriləndir.

"İndiyə qədər də radio və televiziya yayımı üçün nəzərdə tutulan tezlikləri əldə etmək lisenziya qaydasında mümkün idi. Ancaq bir məqam var, onu diqqətə almaq lazımdır. Yayım tezlikləri əldə etməni lisenziya qaydasına tabe etmə, ilk növbədə həmin resursların tükənə bilən olması ilə bağlıdır. Yəni, yayım resursları tükənə biləndir, dövlət də onlardan daha effektiv istifadə edilməsi üçün bu qaydanı tətbiq etməli olur."

Onun sözlərinə görə, digər hallarda, yəni, internet kimi tükənməyən resurslara lisenziya tələbinin tətbiqi anlaşılmazdır.

"Belə qaydalar ilk növbədə yayımı kontrol altında saxlamaq niyyətindən xəbər verir" -deyə, o bildirib.

Ötən il Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib

2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni media qanununu imzalayıb.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Müstəqil media ekspertləri narahatdır

Media ekspertləri, bir çox jurnalist, beynəlxalq qurumlar qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Media ictimaiyyəti sənədin parlamentə təqdimindən əvvəl ictimai müzakirəsinin keçirilmədiyini bildirib. Qanunun qəbulu zamanı jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyaları keçirib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Dunya Miyatoviç

Komissar məktubunda "Media haqqında" yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” məktubda deyilir.

Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

Rəsmi Bakı tənqidləri qəbul etmir

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Bakının mənzərəsi (view of Baku)

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

"Sərhədsiz Reportyorlar"ın (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksində ən pis vəziyyət olaraq aşağıdakı ölkələri qeyd edib.

Şimali Koreya (180-ci yer), Eritreya (179-cu yer), İran (178), Türkmənistan (177) və Çin (176).

RSF ekspertləri azadlıq səviyyəsini müəyyən edərkən hər bir ölkədə siyasi, iqtisadi amilləri, qanunvericilik amillərini və digər amilləri, habelə hökumətlərin siyasətini nəzərə alıblar.

Bu mənada başda Norveç olmaqla, Skandinaviya ölkələri yenə ən azad ölkələrdir. Estoniya (4-cü yer) və Litva (9) ən azad ölkələr onluğuna daxil olub.