Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd dörd gündür aclıq aksiyasını davam etdirir. Onu cərimə təcridxanasına yerləşdiriblər.
Bu barədə bu gün, mayın 4-də hüquq müdafiəçisinin anası Rahilə Məmmədli Amerikanın Səsinə bildirib.
Your browser doesn’t support HTML5
Artıq 2 ildir həbsdə olan hüquq müdafiəçisi özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.
Rahilə Məmmədli oğlu ilə əlaqə saxlaya bimədiyini deyib.
"Onunla telefon əlaqəsi yoxdur. Həftədə bir dəfə özü ailəsinə zəng edir. 2-3 dəqiqədən sonra telefon əlaqəsi kəsilir. Biz isə nə qədər zəng edirik, cəzaçəkmə müəssisəsində telefona cavab verən olmur. Bu gün cəhd etdim Elçinlə görüşə gedim. Onkoloji xəstəyəm halım pis oldu, gedə bilmədim. Penisyamı mayın 17-də alanda mütləq onunla görüşə gedəcəm. Belə, vəsaitim də çatmır, oğluma baş çəkə bilmirəm," ana qeyd edib.
Rahilə Məmmədli oğlunun sağlamlıq durumundan narahatlığı ilə bağlı bu gün birinci vitse-prezidentə, ədliyyə nazirinə, Ali Məhkəmənin sədrinə, Penitensiar Xidmətin rəisinə və ombudsmana teleqramlar vurub.
"Yalnız Penitensiar Xidmətin rəisinin teleqramı alması barədə cavab gəlib. Digərlərindən hələ cavab gəlməyib. Mən ölkə prezidentinə, Qafqaz Müsəlmanları idarəsinin sədrinə də teleqramlar vurmuşam. Oğluma əfv istəyirəm," ana qeyd edib.
Rahilə Məmmədli oğlunun sifarişlə həbs edildiyini, "əsir kimi" saxlanıldığını deyib.
"Elçin maraqlı məmurların girovuna çevrilib. O hepatit C xəstəsidir, bronxlarında problemlər var, nəfəs almaqda çətinlik çəkir, böyrəkləri normal funksiyasını yerinə yetirmir və prostatitdən əziyyət çəkir, ayaqları şişir," Rahilə Məmmədli deyib.
Vəkil Fariz Namazlı Amerikanın Səsinə deyib ki, yerli məhkəmələr onun hökmdən şikayətlərini rədd edib və Avropa İnsan Hüquqları Məhkəməsinə cinayət təqibinin qanunsuz olmasının tanınması üçün şikayət verib.
"Onun vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı müraciəti də yerli məhkəmə tərəfindən rədd edilib. Bu məhkəmə qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Amma, Ali Məhkəmədə proses hələ təyin olunmayıb," o qeyd edib.
Vəkilin sözlərinə görə, Elçin Məmməd xəstədir və həbxsana şəraitində effektiv müalicvə ala bilmir.
"Elçin Məmmədin əfv olunması üçün ailəsi Əfv Komissiyasına müraciət edib."
Namazlı hüquq müdafiəçisinin həbsinin səbəblərindən danışarkən deyib ki, Elçin Məmməd hüquq müdafiə fəaliyyəti ilə məşğul olur, rəhbərlik etdiyi hüquq müdafiə təşkilatı ölkədə insan hüquqlarının durumu ilə bağlı hesabatlar tərtib edib rəhbərlik etdiyi internet saytında dərc edir və jurnalist kimi hökumətin fəaliyyətini tənqid edir.
"O hesab edir ki, bu səbəbdən həbsi siyasi mötivlidir."
Penitensiar Xidmətdən hüquq müdafiəçisinin aclığa başlaması və səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.
"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin rəhbəri, "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Amnesty International, PEN, FİACAT və digər beynəlxalq hüquq müdafiə təşkilatları Elçin Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.
"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin müraciətində deyilir ki, Elçin Məmmədin həbsinin əsl səbəbi onun Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatları, sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları, korrupsiya faktlarını ifşasıdır.