Xəzər dənizinin Azərbaycan hissəsində altı gəmi minası aşkar edilib

Xəzər dənizi

Xəzər dənizinin Azərbaycan hissəsində altı gəmi minası aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, "UMID BABEK OPERATING COMPANY" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda apardığı ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Xəbərdə qeyd edilir ki, dənizin həmin akvatoriyası SSRİ dönəmində poliqon kimi istifadə olunub, aşkarlanan obyektlərin isə həmin vaxt standartlara əməl edilmədən suya atılmış 6 böyük gəmi minası (КБ-1) olduğu müəyyən edilib.

"Aşkarlanmış minaların mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb", məlumatda deyilir.

Bildirilir ki, minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanıb: "Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir".

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Bundan sonra tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə edib.