Sadiq İsabəyli: Azərbaycan milli hərəkatı İrandakı siyasi proseslərə öz kimliyi ilə qatılmalıdır

Sadiq İsabəyli

Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsi ilə söhbətdə deyir ki, İranda Məşrutə hərəkatından bəri Azərbaycanın hər zaman böyük siyasi dəyişikliklərdə öncül rolu olsa da, verdiyi əməklərin bəhrəsini almayıb.

Your browser doesn’t support HTML5

Sadiq İsabəyli ilə müsahibə

Bəzi fəallar İranda və bölgədə cərəyan edən proseslər fonunda Azərbaycanın Milli Hərəkatının İranın siyasi mühitində bir alternativ kimi ortaya çıxmasının vaxtının gəldiyini deyirlər.

Məsələn 1979 İslam İnqilabında Azərbaycanın çəkdiyi əziyyətlər və verdiyi əməklər heçə getdi. Azərbaycan yenə də bütün o hüquqlarından məhrum edildi.

Sadiq İsabəylinin sözlərinə görə, Azərbaycan milli hərəkatı öz kimliyi və öz tələbləri ilə İrandakı siyasi proseslərə qatılmalıdır.

"Hazırkı siyasi proseslərin içində biz deyək ki, Güney Azərbaycan olaraq İranın daxili siyasətində necə hərəkət etməliyik? İranın Qərblə nüvə anlaşmasının olub olmamasının təsirlərini necə təhlil edib və siyasi müstəvidə milli hərəkatı necə gücləndirə bilərik? Təbii ki, Güney Azərbaycanda milli hərəkat olaraq bunun siyasi müstəviyə keçmə prosesi yaşanmalıdır. Amma bu keçid prosesi sözsüz ki, Azərbaycan əsaslı olmalıdır. Yəni Azərbaycanın bütün tələbləri o prosesdə ortaya qoyulmalıdır," o, söyləyir.

SEE ALSO: Cavad Abbasi: Milli hərəkat İranın siyasi meydanlarında öz iradəsini əks etdirməlidir

Azərbaycanın İranın müasir tarixindəki mövqeyini dəyərləndirən siyasi şərhçinin sözlərinə görə, "Məşrutədən bəri böyük dəyişimlərdə Azərbaycan hər zaman öncül və siyasi nüvuz sahibi olub. Amma, artıq bu nüfuzdan Azərbaycan Milli Azadlıq Hərəkatı adı altında və Azərbaycan əsaslı bir siyasi prosesdə istifadə edilməlidir. Bu, artıq yeni dönəmin yeni əsasları ilə həyata keçirilməlidir."

O, "keçmişdəki səhvlərdən"” uzaq durmağın gərəkli olduğunu önə çəkir:

Ümumi İran çərçivəsində məsələyə baxanda fars bölgələrinin məsələləri başqadır, Bəluçistandakı insanın məsələləri başqa və Azərbaycanın məsələləri bam-başqadır.

"Məsələn 1979 İslam İnqilabında Azərbaycanın çəkdiyi əziyyətlər və verdiyi əməklər heçə getdi. Azərbaycan yenə də bütün o hüquqlarından məhrum edildi. Biz yenidən o keçmişdəki yanlışlara getməməliyik. Yəni, bəli Azərbaycanın nüfuzu var. Azərbaycan İranın siyasi quruluşunun dəyişdirilməsi və ya islahat aparılmasında güc sahibidir və bu gücündən istifadə etməlidir. Amma necə istifadə etməlidir?"

Sadiq İsabəyli əlavə edir, "yəni siyasi alternativ olmaq bu mənada olsa ki, sən öz məsələni unudacaqsan, ana dili məsələsini unudacaqsan, öz bölgənin ictima-mədəni problemlərini, su problemini, iqtisadi problemlərini unudacaqsan və məsələyə ümumi İran çərçivəsində baxacaqsan. Ümumi İran çərçivəsində məsələyə baxanda fars bölgələrinin məsələləri başqadır, Bəluçistandakı insanın məsələləri başqa və Azərbaycanın məsələləri bam-başqadır. Bunlar çox fərqli yanaşmalar [tələb edir]. Buna görə də, əgər Azərbaycan Milli Hərəkatının siyasi müstəvidə fəaliyyətinin içində Azərbaycan əsaslı və Azərbaycanın tələbləri və kimliyi varsa və bu şəkildə mərkəzdəkilər ilə də hesablaşdıra biləcəyiksə, təbii ki bu, öz yerini tapa bilər."