Hüquq müdafiə təşkilatı siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan prezidentinə müraciət edib

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Prezident İlham Əliyevə müraciət edərək həbsdə olan siyasi və vicdan məhbusu kimi tanınan şəxslərin gözlənilən əfv sərəncamı ilə azadlığa buraxılmasını istəyib.

Artıq son günlərdə əfv komissiyası bir neçə toplantısında əfvlə bağlı mütaciətləri müzakirə edib. Müşahidəçilərin qənaətincə 28 May Respublika Günü münasibəti ilə ölkə prezidenti əfv sərəncamı imzalaya bilər.

“Müdafiə Xətti” olaraq vicdan məhbuslarının, siyasi dustaqların azadlıq hüququnu tanıyacaq genişləndirilimiş əfv sərəncamının imzalanacağına ümidvar olduğumuzu ifadə edirik və sözügedən qeyri-normativ hüquqi aktın ictimai-siyasi münasibətlər sisteminin tərəqqisi, vətəndaş həmrəyliyinə nail olunması, demokratik və hüquqi açılımlar baxımından yüksək dəyər daşıyacağına əminik,” sənəddə qeyd edilir.

Müraciətdə təəssüf hissi ilə qeyd edilir ki, Azərbaycanda özünüifadəetmə azadlığı əngəllərlə müşayiət edilir, vətəndaşlar əqidə və dünyagörüşlərinə görə siyasi ağırlıqlı cinayət, ya da inzibati təqibə məruz qalırlar.

“Ölkəmizin istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində onlarla vicdan və siyasi məhbus saxlanılır. Onlar cinayət qanunvericiliyi ilə cəza təhdidi altına alınmalı olan hər hansı ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətməyiblər. Insanlar alternativ fikir, müstəqil rəy, hakim siyasətdən fərqli mövqe yaydıqlarına görə hüquq mühafizə orqanlarının təqib və mühakiməsinə məruz qalıblar. Göstərilən hallar Azərbaycanda vicdan, fikir, söz, mətbuat və məlumat azadlıqlarının real durumunun qeyri-qənaətbəxş olmasından xəbər verir ki, bu da təkcə yerli hüquq müdafiə təşkilatlarının yox, insan haqları sahəsində ixtisaslaşan ayrı-ayrı beynəlxalq mərkəzlərin də diqqətini cəlb edib,” sənəddə qeyd edilir.

Yerli hüquq müdafiə təşkilatları ölkədə 126 nəfərədək şəxsi siyasi məhbus kimi tanıyıb.

Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edilyini bildirib. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.