AXCP fəalını məhkəmə sərbəst buraxıb, amma borc öhdəliyi var

Aprelin 19-da Tovuz rayon Məhkəməsi hakim Nofəl Mustafayevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevdən ərizə alaraq onu sərbəst buraxıb.

Elxan Əliyev Amerikanın Səsinə deyib ki, 2019-cu ildə sement satışı şirkətinin şikayəti üzrə keçirilən mülki iş üzrə məhkəmə qətnaməsi ilə onun üzərimə 8050 manat borc öhdəliyi qoyulub.

“Tovuz rayon Məhkəməsi bu mülki iş üzrə mənim üzərimə 8050 manat borc öhdəliyi qoyub. Mən həmin borcun 5800 manatını Orxan adlı məhkəmə icraçısına ödəmişəm. Buna baxmayaraq məhkəmə icraçısı vəsaiti zərərçəkənə qaytarmayıb. Sonra zərərçəkən şəxs ölüb. İcraçı həmin pulu mənimsəyib. Orxan adlı icraçı başqa şəxslərə qarşı da dələduzluq etdiyinə görə həbs edilib. Bundan sonra Məhkəmə Qərarlarının İcrası və Probasiyası şöbəsi mənim barəmdə axtarış verib. Zərərçəkən vəfat etdiyinə görə mülki icraata xitam verilməli idi. Buna baxmayaraq məhkəmə işə xitam verməyib. Öhdəliyim və axtarışa verilməyim ilə bağlı da mənə hər hansı xəbərdarlıq edilməyib,” o, qeyd edib.

Əliyev bildirib ki, aprelin 19-da keçirilən məhkəmədə ərizə verib ki, axtarış qərarından xəbəri olmayıb, bu barədə ona xəbərdarlıq edilməyib, icra məmurları onunla əlaqə saxlamayıb.

“Məhkəmə ərizəmi nəzərə aldı və bu gün məhkəmənin qətnaməsi mənə təqdim edildi. Qətnamədə 8050 manat borc öhdəliyi yazılıb. Mən bu qətnamədən apellyasiya şikayəti verəcəm. Çünki zərərçəkən şəxs vəfat edib, onun varisi kimi tanınan hər hansı şəxs də məhkəməyə müraciət etməyib. Bu halda iş xitama getməlidir. Digər tərəfdən borc öhdəliyimin 5 800 manatını ödəmişəm,” o deyib.

Elxan Əliyev bu il martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq), 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati qaydada həbs olunub.

AXCP onun həbsinin səbəbini tənqidi yazıları ilə izah edib. Daxili İşlər Nazirliyi konkret bu iddiaya münasibət bildirməyib. Amma adətən qurum Azərbaycanda insanların tənqidi mövqelərinə görə həbs edilməsi ilə bağlı deyilənləri əsaslı saymır.

Elxan Əliyev deyib ki, inzibati həbsdə olarkən ona siyasi mövqeyindən geri şəkilməsə həbs ediləcəyi barədə xəbərdarlıq edilib.

“Mən siyasi mövqeyimdə qalacağımı bildirdim və həbsdən çıxan kimi 2019-cu ildə başa çatan məhkəmə qətnaməsi ilə saxlanıldım,” Əliyev bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Amerikanın Səsinə bildiriblər ki, Elxan Əliyevin Tovuz rayon Məhkəməsi qarşısında borca görə öhdəliyi olduğundan o məhkəmə qarşısına çıxarılıb.