Təbriz qeydiyyat idarəsi 15 ay sonra Sevgi adlı qıza şəxsiyyət vəsiqəsi verməyi qəbul edib

İran Azərbaycanında Qiyasi ailəsi təqribən 15 ay mücadilədən sonra övladına seçdiyi türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilib.

Qiyasi ailəsinin sosial mediada yaydığı məlumata əsasən, 2020-ci ilin dekabr ayında dünyaya gələn “Sevgi”yə keçən bazar ertəsi günü şəxsiyyət vəsiqəsi verilib.

Sevginin valideynləri daha əvvəl uşaqlarına seçdikləri adın türkcə olduğu üçün İranın vətəndaşlıq qeydiyyatı idarəsinin şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyini bildirmişdilər.

SEE ALSO: Təbrizli ailə 4 il sonra uşağına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilib

İran Azərbaycanı və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalırlar. Onlardan bəziləri müxtəlif dövlət qurumlarına müraciət etməklə bərabər səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

2001-ci ildə İranda nəşr edilən “Türk İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.

SEE ALSO: İranda uşaqlarına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr etirazlarını sosial mediada paylaşır

“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun”, Cavadi həmin müsahibədə söyləyib.