Fəhmin Hacıyev: Ukraynada 300 azərbaycanlı Rusiyaya qarşı döyüşür

“Rusiya Ordusu Kyiv istiqamətində məğlubiyyətini hiss edərək İstanbul görüşündən sonra qüvvələrini Belarusa çəkib. Hazırda Çernobıladək Rusiya hərbi qüvvələri yoxdur. Həmin hərbi qüvvələr qismən komlektləşdirilərək Donbasa göndərilir.”

Bu barədə Azərbaycanın Daxili Qoşunlarının keçmiş komandanı, hazırda Kyivdə yaşayan Fəhmin Hacıyev Amerikanın Səsinə müsahibsində bildirib.

Your browser doesn’t support HTML5

Fəhmin Hacıyev: Ukraynada 300 azərbaycanlı Rusiyaya qarşı döyüşür

Onun sözlərinə görə, Ukrayna qüvvələri Rusiya işğalçı ordusunun çıxarıldığı əraziləri minalardan təmizləyərək təhlükəsiz zonaya çevirilməsi prosesini həyata keçirir.

“Eyni zamanda, Ukrayna tərəfi Rusiyaya inanmır və bu səbəbdən Belarus istiqamətində uzun müddət üçün müdafiə sistemlərini saxlayır. Biz bunu iki gün öncə, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmil Krımoğlu ilə birgə olduğumuz Buça, İrpin, Qostomel, Borodyanka şəhərlərində və ətraf rayonlarda müşahidə etdik,” o qeyd edib.

Hacıyev deyib ki, Ukraynada nə qədər insanın qətlə yetirildiyi hələ tam dəqiqləşdirilməyib.

“Çünki hər gün müxtəlif məlumatlar açıqlanır. Təkcə Buça şəhərində 420 nəfərin qətlə yetirildiyi bildirilir. Ancaq mən Borodyankada onlarla doqquz mərtəbəli binanın vurularaq yerlə yeksan olduğunu gördüm. Orada xilasetmə işləri ilə məşğul olanlarla söhbət zamanı dedilər ki, son həftəyə qədər uçqunlar altında qalan insanların səslərini eşidib xilas ediblər. Bu gün ölən və yaralıların barəsində ümumi son məlumat yoxdur, dəqiqləşdirmə prosesi gedir.”

O, humanitar durumdan danışarkən deyib ki, olduqları rayonların heç birində su, elektirk, qaz yoxdur.

“Bu ərazilərdə insanların yaşaması üçün şərait yoxdur. Tək-tək adamları görmək mümkündür. Onlar sadəcə gəlib evlərini yoxlayıb gedirlər. Ukrayna hökuməti bu gün yaşayış evləri dağıdılmış insanların müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə üç ay müddətində modul tipli evlərin qurulması barədə qərar qəbul edib.”

Keçmiş komandan Ukraynada Rusiyanın kimyəvi silahdan istifadəsindən danışarkən deyib ki, onun təxminlərinə görə Rusiya əvvəllər də fosfor bombalarından istifadə edib.

“Mariupolda da kimyəvi silahın tətbiqi barədə mediada məlumatlar yayılıb. Amma, bunu hələ beynəlxalq ekspertlər təsdiq etməyib. Mən əminəm ki, Rusiya kimyəvi silahdan istifadə edib. Amma, onun təsir gücünün nə dərəcədə olmasını ekspert rəyi olmadan demək mümkün deyil.”

O bildirib ki, Rusiyanın on mindən çox ordusu müharibənin başladığı 47 gün müdətində Mariupol kimi kiçik bir şəhəri işğal edə bilmir.

“Ukrayna ordusu və dəniz piyadaları şəhəri qəhrəmancasına müdafiə edir. Bunun səbəblərindən biri də odur ki, Rusiya Ordusu şəhərdə qalan mülki əhalini Buçada olduğu kimi soyqırıma məruz qoya bilər. Bununla yanaşı çoxsaylı insanlar həlak olub. Hətta prezident Zelenskinin dediyinə görə, bu şəhərdə on minə yaxın insanın ölümü barədə məlumat var.”

Keçmiş komadnanın təxminlərinə görə, hazırda üç yüzdən çox azərbaycanlı Ukrayna ordusunun tərkibində və könüllü qruplarda Rusiya Ordusuna qarşı döyüşür.

“Eyni zamanda Azərbaycandan gələn humanitar yardımlarla bağlı cəmiyyətin məlumatı var. İki gün öncə hətta Borodyankanın yerli deputatı mənimlə “Slava Azərbaycan!” deyərək görüşdü. Azərbaycanın humanitar yardımları Ukraynada təriflənməklə yanaşı, cəmiyyət Azərbaycanın beynəlxalq təşkilatlarda da Ukraynanın yanında olmasını istəyir,” o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın və Ukraynanın rəsmi qurumları Ukraynada azərbaycanlıların Rusiyaya qarşı döyüşməsi ilə bağlı hələ təsdiqləyici məlumat yaymayıb. Bununla yanaşı, döyüşlərdə azı iki nəfər Ukrayna vətəndaşı olan azərbaycanlının həlak olması barədə mediada və sosial şəbəkələrdə məlumatlar yayılıb.