Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin hazırlanması üzrə fikir mübadiləsi aparıb

Ceyhun Bayramov və Ararat Mirzoyan

Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramov telefon danışığlı zamanı demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması, sülh danışıqlarına hazırlıq və humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbəti aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüşdən sonra baş tutub.

Avropa İttifaqının görüşün yekunları ilə bağlı yaydığı bəyanatda deyilir: "Prezident Mişel həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırıldı.

Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması razılaşdırılıb.

Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Liderlər Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır,” sənəddə qeyd edilir.