Azərbaycan və Özbəkistan dəmir yolu ilə yükdaşımaların artırılması barədə razılığa gəlib

TRACECA

Azərbaycan və Özbəkistan dəmir yolu vasitəsi ilə daşımaların artırılması barədə razılığa gəlib.

Azərbaycan Dəmir Yolları QSC-nin məlumatına görə, Daşkənddə Özbəkistan və Azərbaycan dəmir yolları qurumları rəhbərlərinin görüşündə ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

“Tərəflər “Asiya-Sakit okean ölkələri–Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan fəaliyyətə diqqət çəkərək, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçirib. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmiri üçün texniki və texnoloji yardımın göstərilməsi, Azərbaycan və Özbəkistan ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir,” məlumatda deyilir.

Görüş zamanı daşıma həcminin artırılması, eləcə də ikitərəfli məsələlərin həlli məqsədilə dəmir yolu rəhbərlərinin başçılıq etdiyi İşçi Qrup yaradılıb. Tərəflər İşçi Qrupun növbəti iclasının aprelin sonunda Bakıda keçirilməsi barədə razılığa gəlib.

“Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə sazişlər 2019-cu ilin dekabrında Daşkənddə razılaşdırılıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycan Özbəkistana 23130,7 min dollar həcmində məhsul ixrac edib, bu ölkədən isə 59187,7 min dollar məbləğində məhsul idxal edib.