Bir qrup ictimai xadim Azərbaycan dilindən istifadənin vacibliyi ilə bağlı Milli Məclisin sədrinə müraciət edib

Baku

Azərbaycanın elmi, yaradıcı, pedaqoji və media ictimaiyyətinin 200-dən çox nümayəndəsi ticarət və xidmət obyektlərinin, küçələrin adlarında Azərbaycan dilinin işlənilməsində yol verilən qüsurlarla bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib.

Müraciətdə deyilir ki, Azərbaycan dilinin öz ana yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur.

“Bakının küçə və prospektləri əcnəbi dillər tərəfindən “işğal olunub. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərində ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir. Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib,” sənəddə deyilir.

Müraciətdə qeyd edilir ki, Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib.

“Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmalıdır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır. Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir.”

Müraciət müəllifləri, həmçinin qeyd edir ki, Bakının küçələrində Azərbaycan dilində yazılan lövhələrdə hətta orta məktəb şagirdlərinin tuta biləcəyi minlərlə leksik, orfoqrafik, qrammatik və punktuasiya səhvləri var.

“Dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi xahiş edirik. Həmçinin istərdik ki, bir sıra əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul edəsiniz,” müraciətdə qeyd edilir.

Milli Məclsisin sədri ictimai xadimlərin bu müraciətinə hələ münasibət bildirməyib.