Prezident Administrasiyasının qarşısında “İşgəncə etmə, azad et!” şüarı ilə aksiya keçirilib
Your browser doesn’t support HTML5
Aprelin 8-də həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Prezident Administrasiyasının binası qarşısında “İşgəncə etmə, azad et!” şüarı ilə aksiya keçirib.
O, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan həyat yoldaşının kamera yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
Gülmirə Aslanova qeyd edib ki, onun tələbi cəzaçəkmə müəssisəsində işgəncəyə son qoyulmasıdır və bu məsələ həll edilənədək dövlət qurumları qarşısında aksiyalara davam edəcək.
O hesab edir ki, həyat yoldaşına qarşı fiziki təzyiqlər Prezident Administrasiyasının göstərişidir.
Etiraz aksiyası zamanı, polis əməkdaşları Gülmirə Aslanovanın qarşısını kəsərək, administrasiyanın binasına getməsinə icazə verməyiblər.
Daha sonra Mühafizə xidmətinin rəisi Gülmirə Aslanovaya bildirib ki, hazırda Prezident Administrasiyasında qəbul yoxdur.
Mühafizə xidmətinin rəisinin sözlərinə əsasən, qəbul üçün Gülmirə Aslanova Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının qəbul şöbəsinə yaxınlaşmalıdır və orada Prezidentin köməkçisi Fuad Ələsgərov Gülmirə Aslanovanı qəbul edəcək.
Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının qəbul şöbəsinə gələn Gülmirə Aslanovaya bildiriblər ki, onu Fuad Ələsgərov yox, hüquq məsləhətxanasının əməkdaşları qəbul edəcək. Bu səbəbdən, Gülmirə Aslanova qəbuldan imtina edib.
Prezident Administrasiyasından Gülmirə Aslanovanın etirazı ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. 2022-ci il fevralın 24-də Azərbaycan Ali Məhkəməsi həbs müddətini 16 ildə 13 ilə endirib.
İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib. Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.
Jurnalist “qanunsuz həbsinə, saxlanma şəraitinə” etiraz olaraq bir neçə dəfə uzunmüddətli aclıq aksiyası keçirib.