Siyasi şərhçi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Rusiyanın Ukrayanaya hərbi müdaxiləsinin Cənubi Qafqaz regionuna təsirlərindən, eləcə də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından danışıb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Rusiyanın Ukrayanaya hərbi müdaxiləsi Azərbaycanın xarici siyasət kursuna hansı yeniliklər gətirəcək?
Azər Qasımlı: Rusiyanın Ukraynaya qarşı müharibəsi Azərbaycanın xarici siyasətinə ciddi yeniliklər gətirə bilər. Belə deyək, mən burada iki vektorda yenilik görürəm. Təbii ki, birinci və yaxud ikinci vektorun olması bu müharibənin nəyə doğru getməsindən aslı olacaq. Əgər, Rusiya ilə Ukrayna arasında müharibə uzun sürəcəksə və Putin hakimiyyətdə qalacaqsa, hələ də güclü olacaqsa və onun təsir imkanları nə qədər olacaq, hesab edirəm ki, İlham Əliyevin hakimiyyəti Rusiyadan o qədər də uzaq durmayacaq. Çalışacaq ki, BMT-də necə səs verirlərsə o balansı saxlasın. Məsələn, səsvermədə BMT-də iştirak etmir. Avropa Şurasının Nazirlər Komitəsinin iclasında iştirak etmir, bununla da Rusiyanın əleyhinə səs vermir. Amma digər tərəfdən lehinə də səs vermirlər. Yəni balansı saxlamağa çalışırlar. Amma mən fikirləşirəm ki, belə olan təqdirdə Azərbaycan daha çox ABŞ, Britaniya, Avropa Birliyinin, ümumən belə deyək, Qərbə bir az yaxınlaşmaq məcburiyyətində qalacaq. Bu, birinci vektordur. İkinci vektor yenə də Ukrayna müharibəsindən asılı olaraq, əgər Putini daha da sıxışdırsalar və yaxud Rusiyanı təcrid etsələr, Putinin regionda təsir imkanları olduqca zəifləsə mən hesab eləyirəm ki, Azərbaycan xarici siyasəti tamamən dəyişəcək. Artıq İlham Əliyev daha əvvəlki balans siyasətini yürüdə bilməyəcək. Təbii ki, onun hakimiyyəti üçün bu sərf eləyən bir modeldir. Putin zəifləsə və yaxud getmək məcburiyyətində qalsa, artıq bu siyasəti yürütmək mümkün olmayacaq. Artıq Aİ ilə assosiativ sazişi imzalamağa məcbur olacaq. Azərbaycan öz xarici siyasətini tamamən Qərbə doğru dəyişmək məcburiyyətində qalacaq.
Amerikanın Səsi: Bu hərbi müdaxilə Cənubi Qafqaz regionuna Rusiyanın müdaxiləsindən müdafiə üçün hansı çağırışlar gətirir?
Azər Qasımlı: Cənubi Qafqazda vəziyyət olduqca qəlizdir. Qəliz olması da, ondan ibarətdir ki, üç ölkənin fərqli xarici siyasəti var. Onların iqtidarları fərqli daxili siyasət yürüdürlər. Məsələn, Gürcüstan aydındır ki, Qərbə doğru yönəlibdir. Amma bunun yanında onu da qeyd etmək lazımdır ki, əgər Ukrayana ilə müharibədə Rusiya qalib gəlsə, daha da aqressiv olsa, təbii ki, Gürcüstan da həm daxili, həm də xarici siyasətində müəyyən korrektələr etmək məcburiyyətində qalacaq. Digər tərəfdən, Ermənistanın vəziyyəti elədir ki, iki türk dövlətinin arasında yerləşib. Rusiya ilə onun sərhədləri yoxdur. Amma, Rusiya hərbi bazaları hələ də Ermənistandadır. Hələ də Ermənistanın iqtisadiyyatı müəyyən mənada Rusiyadan aslıdır. Təsir imkanları hələ güclüdür. Bu da onu göstərir ki, Ermənistan Rusiyanın təsir dairəsində qalmaq məcburiyyətində qalacaq. O ki qaldı Azərbaycana, burada avtoritar rejimdir. Hansı ki, məhz yalnız Rusiyanın patronajlığı altında yaşaya bilər. Rusiya olmasa təbii ki, bu avtoritar rejim zəifləyəcək. Belə olan təqdirdə İlham Əliyev Qərbə doğru heç bir addım atmayacaq. Mən belə düşünürəm. Zatən 10 noyabr 2020-ci il bəyanatı, 2022-ci il Moskva bəyannaməsi, bütün bunlar elə İlham Əliyevi həm Qərbdən, həm də Rusiyanın özündən qoruyur.
Amerikanın Səsi: Rusiyaya qarşı sanksiyaların Azərbaycana hansı müsbət və ya mənfi təsirləri nə ola bilər?
Azər Qasımlı: Rusiyaya edilən sanksiyaların Azərbaycana siyasi və ya iqtisadi nöqteyi nəzərdən təsiri olacağını görmürəm. Düzdür müəyyən iqtisadçılar deyirlər ki, məsələn, rus rublu bundan sonra devalvasiya olunacaq. Açığı bunun əks prosesi gedir. Amma, irəlidə defolt da ola bilər. Belə olan halda müəyyən mənada bunun Azərbaycan manatına təsiri olacaq. Digər tərəfdən də Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlı var. Təbii ki, onların bir qismi Rusiya vətəndaşıdır. Amma, vətəndaş olmayanlar da var. Vəziyyət gərginləşəcəksə həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ölkəyə qayıtmaq qərarı verə bilər. Bunun yanında onu da qeyd edim ki, Azərbaycan vətəndaşları olmayanlar da qayıtmaq istəyə bilərlər. Bu o deməkdir ki, Azərbaycanda müəyyən sosial problemlər ola bilər. Təbii ki, bu, sanksiyalara görədir. Bu dolayı bir təsirdir. Amma, bilavasitə hər hansı mənfi və yaxud müsbət təsirini görmürəm.
Rəsmi Bakının mövqeyi
Öz növbəsində rəsmi Bakı münaqişənin beynəlxalq hüquq norma və prinsplərə uyğun, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığı əsasında həll olunmasınnı tərəfdar olduğunu bəyan edib.
Azərbaycan BMT-də və digər beynəlxalq qurumlarda Ukraynadakı müharibəyə dair qətnamələrə səsvermədə iştirak etməyib.