Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) 8 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Cəbiyev məhkəmədən yaşını və şairlik fəaliyyətini nəzərə alaraq ədalətli qərar çıxarmasını xahiş edib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinib.
Əjdər Cəbiyev 2021-ci ilin fevralında həbs edilib. Ondan əvvəl fevralın 4-də keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında deyilir ki, Səlim Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
DTX bildirir ki, Səlim Müslümov Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Əjdər Cəbiyevin haqqında cinayət işi 2021-ci ilin dekabrında keçmiş nazir Müslümovun işindən ayrılaraq, məhkəməyə göndərilib.
Keçmiş nazir Səlim Müslümovun cinayət işi üzrə istintaq hazırda davam etdirilir.