İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo Azərbaycanda səfərdədir.
Luici Di Maio aprelin 2-də prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Prezident Əliyev bildirib ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənubi Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır.
“Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur. Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır.”
Dövlət başçısı enerji əməkdaşlığından danışarkən deyib ki, uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olub və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir.
“İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır.”
Nazir Luici Di Mayo bildirib ki, ik ölkə arasında mühüm əlaqələr var və iqtisadi əlaqələr çox yaxşı inkişaf edir.
“Düşünürəm ki, iqtisadi əlaqələr həmişə siyasi əlaqələrlə bağlı olur. İqtisadi əlaqələr artdıqca siyasi və tarixi əlaqələr də artır. Bizim birgə universitetimizin təməlinin qoyulması münasibətilə bu mühüm tədbirdə iştirak etmək imkanı əlaqələrimizin gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Siz TAP-ı qeyd etdiniz. TAP məhz bu dövrdə - sülh dövründə iqtisadi əlaqələrin yaradılmasının əhəmiyyətini nümayiş etdirir,” o qeyd edib.
Bu arada Bakıda Luici Di Mayonun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində sərmayə qoyub.
“2021-ci ildə ticarət dövriyyəsi təxminən 10 milyard dollar təşkil edib. 2021-ci ildə Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya təxminən 7 milyard kubmetr qaz tədarük edib”.
Azərbaycan və İtaliya xarici işlər nazirləri arasında bu gün keçirilən görüşdə həmçinin TAP vasitəsilə Azərbaycandan qaz nəqlinin artırılması məsələsi də müzakirə olunub.
Bundan əlavə, Azərbaycan XİN başçısı italiyalı həmkarına azad edilmiş ərazilərdə həyata keçiriləcək və alternativ enerji sferasına aid olacaq layihələr barədə məlumat verib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, İtaliya Azərbaycanla enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır.
“Azəbaycan qazının 2020-ci ilin dekabrından Avropaya nəqli başlayandan iki ölkə arasında enerji əməkdaşlığı yeni müstəviyə keçib. Əgər 2020-ci ilədək İtaliya Avropada Azərbaycan neftinin ən böyük istehlakçısı hesab edilirdisə, məhz indi Azərbaycanın Avropaya ixrac etdiyi qazın 85 faizi İtaliyanın payına düşür. Ötən il Azərbaycan İtaliyaya 6,9 milyard kubmetr qaz ixrac edib. 2021-ci ildə bu həcm 7,4-7,6 milyard kubmetr təşkil edəcək. 2023-cü ildə bu rəqəm 8 milyard kubmetrə, yəni müqavilə həcminə çatacaq,” ekspert Amerikanın Səsinə deyib.
İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulub. 1997-ci ilin martında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.
Azərbaycanla ilə İtaliya arasında indiyədək 30 sənəd imzalanıb.