Rusiyaya qarşı beynəlxalq sanksiyalar son günlər daha çox müzakirə edilən məsələlərdəndir. Ekspertlər hesab edir ki, iqtisadi sanksiyalar digər dövlətlərə də təsirsiz ötüşməyəcək. Rusiyaya qarşı Qərbin sanksiyaları Azərbaycan üçün hansı problemlər yaradacaq? İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində deyib ki, daha çox bank sektoruna problemlər yaradacaq.
Your browser doesn’t support HTML5
"Əslində Beynəlxalq sanksiyaların əsas təsirləri bank sektoruna olacaq. Bank sektorunda olan sanksiyalar beynəlxalq pul köçürmələrində müəyyən əngəllərin yaranmasına səbəb ola bilər. Azərbaycanla da Rusiya arasında pul köçürmələrində müəyyən problemlərin, gecikmələrin, hətta müəyyən qadağaların olması mümkündür. Çünki ayrıca bizim pul köçürmə sistemimiz yoxdur. Beynəlxalq pul köçürmə sistemindən istifadə edirdik. Əgər Rusiya tamamilə beynəlxalq pul köçürmə sistemindən kənarda qalsa Azərbaycanla Rusiya arasında ən azından banklararası pul köçürmələri, transferləri mümkünsüz hala gələcək."
Ekspert deyir ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və kənd təsərrüfatı məhsullarının əsas alıcısı Rusiyadır.
“Azərbaycanla Rusiya arasında keçənilki ticarət dövriyyəsi 3,3-3,4 milyard dollara yaxın olub. Biz Rusiyadan daha çox mal alırıq, nəinki mal satırıq. Amma kənd təsərrüfatı mallarının əsas alıcısı da Rusiyadır. Bizim aqrar sektorun ixracatının üçdən ikisindən çoxu Rusiyaya ixrac olunur. Ona görə də müəyyən problemlərin yaranması ehtimalı var. Amma dolayı sanksiyalar hələ elan edilməyib. Rusiya ilə ticarət tamamilə qadağan edilməyib. Ona görə də Rusiya ilə Azərbaycan arasında ticarət münasibətləri davam edə bilər. Yeri gəlmişkən tikinti materiallarına və digər sahələrə, ərzaq məhsullarına hansısa qadağaların qoyulmasını düşünmürəm. Amma burada sadəcə dediyimiz kimi pul köçürmələrində problem yarana bilər. Yəqin ki, ticarət dövriyyəsinin pul ekvivalentinin qarşılıqlı ödənilməsi üçün alternativ variantların tapılmasına ehtiyac yaranacaq."
Natiq Cəfərli qeyd edir ki, Rusiyaya qarşı sanksiyalar Azərbaycan üçün müəyyən iqtisadi fürsətlər də yaradacaq.
“Ümumiyyətlə bu proseslər həm böyük risklər yaradır, həm də müəyyən fürsətlər yaradır. Çünki sanksiyaların çox sərt olmasına baxmayaraq, müəyyən nəfəsliklər də var. Yəni Rusiya ilə birbaşa ticarət etməyə sanksiyalar tətbiq edən Avropa Birliyi ölkələri, ABŞ və digər Qərb ölkələri müəyyən ölkələr üzərindən Rusiya ilə ticarətin elementlərini saxlamağa çalışacaqlar . Müəyyən qədər fürsətlər də yaranır ki, Azərbaycan üzərindən Rusiya ilə ticarətə tamamilə qadağan qoyan ölkələr müəyyən əlaqələr yaratsınlar"- deyə, o bildirib.