NATO, Böyük Yeddilər (G-7) və Avropa İttifaqı liderləri cümə axşamı Brüsseldə bağlı qapılar arxasında görüşərkən, qərbin Rusiyaya qarşı daha sərt addımlar atmasını tələb edən etirazçılar küçələrə çıxıb.
Ukrayna prezidenti ölkəsinə dəstək və Rusiyanın işğalına qarşı bir gün etiraz aksiyaılarının keçirilməsinə çağırmışdı.
ABŞ Prezidenti Co Bayden da daxil olmaqla, dünya liderlərinin bir araya gəldiyi Avropa İttifaqının baş qərargahı qarşısına toplaşan etirazçılar tələblərini açıqladı. Ukrayna parlamentinin keçmiş üzvü Hanna Hopko “Biz gözləyirik ki, NATO, Avropa İttifaqı və G-7 liderləri nəhayət qərar verəcək və biz onların Ukraynanın qalib gəlməsinə yardım etmək əzmini görəcəyik. Biz sual veririk: Mənəviyyat NATO sərhədlərindəmi bitir? Bəşəriyyət NATO sərhədlərindəmi bitir?”
Birləşmiş Millətlər Təşkilatı bildirir ki, çoxu Rusiyanın raketləri və hava hücumları nəticəsində olmaqla, hazırda Ukraynada 1000-dən çox dinc sakin həlak olub.
Zlata Podovolenkova hazırda Ukrayna və Rusiya qüvvələri arasında cəbhə xətti olan Kiyevin yaxənlığındakı Hostomeldən qaçıb. Onun ailə üzvlərindən bəziləri hələ də müharibə zonasında qalıb. “Biz NATO-dan səmanı bağlamasını, Ukraynaya bu müharibədə qalib gəlməyə yardım edə biləcək silahlarla təmin etməsini xahiş edirik. Çünki qalib gələcəyimizə əminik. Ancaq bu, təkcə zaman məsələsi deyil, bu dəhşətli müharibədə nə qədər insanın ölməsi, nə qədər mülki vətəndaşın ölməsi məsələsidir”.
Onların tələbləri böyük ölçüdə təmin edilmədi. NATO sanksiyaları sərtləşdirməyə, silah və humanitar yardımın tədarükünü artırmağa razılaşsa da, uçuşa qadağa zonası tətbiq etməyəcək və Ukraynaya döyüş təyyarələri göndərməyəcək. İtaliyalı etirazşı Andrea Kastana “Avropa Ukraynaya daha çox yardım edə bilər. NATO ukraynalılara yardım etmək üçün daha çox şey edə bilər. Düşünürəm ki, biz 1939-cu illə, Avropada insanların Hitlerin Hitler olduğuna qərar verməli olduğu vaxtla müqayisə edilə biləcək bir vəziyyətdəyik. İndi isə elə bir dövrdəyik ki, biz Vladimir Putinin artıq bir millətin lideri olmadığına qərar verməliyik. O, İkinci Dünya Müharibəsindən sonra qurduğumuz hər şeyi məhv edəcək imperialist diktatordur”.
Etirazçılar küçələrdə yerə uzandı. Onlar Ukraynada mülki vətəndaşlar arasında itkiləri - Mariupol və digər şəhərlərdə cəsədlərin küçələrdə qaldığını nümayiş etdirmək istəyirdi.Daha sonra Brüssel küçələrində həyəcanlı "Ukrayna" şüarları səsləndi.
Ukraynalılar deyirlər ki, onlar qərb demokratiyası uğrunda Rusiyaya qarşı cəbhə xəttində vuruşurlar və indiyə qədər təkbaşına mübarizə aparırlar. Onlar NATO-dan daha çox yardım istəyir.