Avropa Məhkəməsi Azadlıq qəzetinin baş redaktorunun şikayətini təmin edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martin 24-də Zayidov (“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid) Azərbaycana qarşı iş üzrə qərarını elan edib. Məhkəmə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.

Qərara əsasən, hökumət ərizəçiyə ümumilikdə 8,500 avro təzminat ödəməlidir.

Aihmaz.org saytının məlumatına görə, bu məhkəmə işi “Azadlıq” qəzetinin baş redaktorunun xuliqanlıqda ittiham olunaraq azadlıqdan məhrum edilərkən, həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsi iddiası ilə bağlı idi. İş həmçinin, ərizəçinin ona dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı qaldırdığı məhkəmə çəkişmələrini də əhatə edib.

Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan ərizəçi şikayət edib ki, onun kitab halında çap etdirmək niyyətində olduğu əlyazmasının cəzaçəkmə müəssisəsində olarkən götürülməsi və məhv edilməsi qanuni olmayıb. Ərizəçi həmçinin, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanaraq, dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ədalətsiz olduğunu, xüsusən də məhkəmə iclaslarında şəxsən iştirakının təmin edilmədiyini, şahidlərin dəvət edilib, dindirilməsi barədə vəsatətlərinin təmin olunmadığını, məhkəmə qərarlarının adekvat olmadığını iddia edib.

Ərizəçi eləcə də ona münasibətdə konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə sahib olmaq hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinin (mülkiyyət hüququ) pozulduğunu iddia edib.

“AİHM öncə ərizəçinin ifadə azadlığına müdaxilənin baş verib-vermədiyini araşdırıb, qeyd edib ki, ərizəçinin 278 səhifəlik əlyazmasının götürülüməsi, daha sonra məhv edilməsi ilə ərizəçinin 10-cu maddə ilə qorunan ifadə azadlığı hüququna müdaxilə olub. Müdaxilənin əsaslı olub-olmamasına gəlincə, AİHM qeyd edib ki, əlyazmaların yeganə nüsxəsinin həbsxanalarla bağlı daxili intizam qaydaları ilə izah edilərək götürülməsi və məhv edilməsi “qanunla nəzərdə tutulmuş” testə cavab vermir. Məhkəmə ifadə azadlığı hüququnun pozulduğu qənaətinə gəlib.

AİHM həmçinin, ərizəçinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ümumilikdə ədalətsiz olduğuna, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini pozduğuna qərar verib.

AİHM eyni zamanda konvensiyanın 13-cü, 14-cü maddələri və konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu iddialarını araşdırmağa ehtiyac görmədiyini ifadə edib,” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə deyib.