AXCP fəalının həbsxanada aclığa başladığı bildirilir

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi, 13 il müddətinə azadlıqdan mərhum edilmiş Niyaməddin Əhmədov Penitensiar Xidmətin 12 saylı Çəzaçəkmə Müəssisəsində saxlanılma şəraitinə etiraz olaraq martın 23-dən aclıq aksiyasına başlayıb. Müəssisə rəhbərliyinə bu barədə ərizə ilə müraciət edib. Dərhal cərimə təcridxanasına salınıb.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Niyaməddin Əhmədov aclığının səbəbi kimi cəzaçəkmə müəssisəsində qeyri-insani rəftarla üzləşməsini, ayrıseçkiliyə məruz qalmasını qeyd edib.

Məlumatla bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək hələ mümkün olmayıb.

Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə müəssisələrində məhbuslara qarşı ayrıseçkiliyin olmadığını, onların qanunvericilik çərçivəsində daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP bu ittihamları qondarma və siyasi motivli adlandırıb. Habil Məmmədov da ittihamı yalanlayıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.