Martın 24-də Bakı vaxtı ilə saat 19-dan 22-dək Ümumdünya Vərəmlə Mübarizə Günü münasibəti ilə Bakının bir neçə məşhur tikilisi, o cümlədən Qız qalası qırmızı rənglə işıqlandırılacaq.
Vərəm Əleyhinə QHT Koalisiyasının məlumatına görə, aksiyanın məqsədi diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir.
Azərbaycamn Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkənin tibb müəssisələrində qeydiyyatda olan 14274 vərəm xəstəsi var, onların 4868 nəfəri ağciyər xərçənginə tutulanlardır.
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna görə, vərəmlə mübarizə tədbirləri bütün vətəndaşlar və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün pulsuz, bərabər əsaslarla, qanunçuluğa, humanistliyə, insan və vətəndaş hüquqlarına əməl olunmaqla aparılır. Vərəmlə mübarizə tədbirlərinə sanitariya-sağlamlıq və əksepidemik tədbirlər, müayinə, diaqnostika, müalicə, profilaktika və reabilitasiya daxildir.
Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, Avropa regionunda, o cümlədən Azərbaycanda vərəm əsas ictimai səhiyyə problemidir.
Ümumdünya Səhiyyə Təşkilatı vərəmlə mübarizə ilə bağlı bir çox layihələrdə Azərbaycanı dəstəkləyir. Belə ki, Azərbaycan Ədliyyə Nazirliyinin Tibb baş idarəsi 2014-cü ildən həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi statusunu əldə edib. Bu mərkəz dünyada növünə görə yeganə mərkəz sayılır. Mərkəz müasir infeksiya profilaktikası və nəzarət tədbirləri, sürətli diaqnostik xidmətlərin tətbiqi ilə vərəmə nəzarətə öncüllük edir.
2020-ci il oktyabrın 6-da ÜST Avropa Regional Bürosunun və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "COVİD-19 pandemiyası dövründə azadlıqdan məhrumetmə yerlərində vərəmin müalicəsi və profilaktikası" mövzusunda keçirilən konfransda Azərbaycanın Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev deyib ki, ölkə ÜST-ün tövsiyə etdiyi vərəmin uğurlu müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 95 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 92 faiz müsbət nəticələrə nail olunub.
Rəsul Cavidov vərəm xəstəliyinin diaqnostikası və müalicəsi sahəsində ixtisaslaşmış həkimdir.
Cavidov Amerikanın Səsinə deyib ki, 1990-cı illərlə müqayisədə Azərbaycanda həm mülki sektorda, həm də qapalı yerlərdə vərəm xəstəliyinin yayılmasının qarşısının alınması, xəstəliyin vaxtında aşkar ediməsi, diaqnostikası və müalicəsi sahəsində ciddi dönüş var. Hazırda mülki əhali arasında xəstəliyin vaxtında aşkar edilməsi sahəsində müsbət işlər aparılır.
“Son illərdə bütün regionlarda diaqnostika mərkəzləri yaradılıb. Bu mərkəzlərin yaradılması insanların müayinəsi, xəstəliyin vaxtında aşkar edilməsi və müalicəsi sahəsində irəliyə doğru addımdır. Vərəm müalicə olunan xəstəlikdir. Mən çoxsaylı insanları sağaltmışam. Amma, xəstəliyin yayılmasının vaxtında qarşısı alınmalıdır,” ekspert belə hesab edir.
Ekspert bildirib ki, beynəlxalq statistikaya görə xəstəlik vaxtında aşkar edilmədiyi halda mülki sektorda bir aktiv vərəm xəstəsi il ərzində 10-12 nəfəri, hərbi hissələrdə 18-20 nəfəri, cəzaçəkmə müəssisələrində daha çox insanı yoluxdura bilir.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində 1997-ci ilədək vərəm xəstəlikləri sahəsində durum acınacaqlı olub.
“1997-ci ildə Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi vərəmli xəstələr üçün müalicə müəssisəsinin yaradılması ilə bağlı dünyada ilk olan pilot layihə həyata keçirdi. Əvvəlcə 300 nəfər, sonra isə 1500 nəfərlik müəssisə təşkil edildi. Bu da cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində dönüş idi. Həm dərman təchizatı, həm də keyfiyyətli qidalanma baxımından problem həll olunub,” o qeyd edib.
Ekspert həmçinin ölkədə əhalinin keyfiyyətli qida məhsulu ilə təminatı sahəsində də ciddi dönüş yarandığını deyib.
Bununla yanaşı, yerli media vaxtaşırı məhbusların müalicəsi sahəsində problemlərin olduğunu yazır.