Rusiya ərazisində Azərbaycanın bir sıra internet syatlarının bloklandığı bildirilir.
Bloklanan saytaların dəqiq sayı barədə məlumat verilmir, amma media ekspertləri əsasən Ukrayna ilə bağlı bu ölkədən reportajlar yayan və qərb mediasındakı xəbərləri rus dilinə çevirərək yayan saytların yayımının məhdudlaşdırıldığını bildirir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan saytlarının Rusiya ərazisindəki yayımına məhdudiyyət qoyulur.
"Söhbət konkret olaraq rus dilli "haqqin.az" və "minval.az" saytına münasibətdən gedir. Əlbəttə, siyahı genişlənə də bilər.”
Amaşov sual edir ki, Azərbaycanın kütləvi informasiya vasitələri nə edir ki, belə rəftara layiq görülür?
"Obyektiv yanaşma, həqiqətləri yazmağa dözmək belə çətindir? Axı Rusiya müstəqil Ukraynanın ərazisinə qoşun yeridib. Bunun arxasında hansı qlobal siyasi məqamlar var, bu, başqa məsələ. Fakt budur ki, ortada işğal var və bizim media orqanlarımızın məhz bu danılmaz reallığa söykənməsi məqbuldur,” o qeyd edib.
Mətbuat Şurasının sədri hesab edir ki, Azərbaycan KİV-ləri haqlı olaraq Rusiya-Ukrayna müharibəsinə geniş yer verir.
“Bu mənada "haqqin.az" saytının fəaliyyətini xüsusi vurğulamalıyam. Eynulla Fətullayev (saytın baş redaktoru) müharibənin ilk günlərindən Ukraynadaydı. Ən gərgin nöqtələrdən yayımlar edirdi. Bu zaman həm peşə marağı, həm də əsl həqiqətləri önə çəkmək əzmi öndəydi. Məhz bu keyfiyyətlərinə görə "haqqın.az" həmişə Rusiya oxucularının diqqət mərkəzində olub,” Amaşov qeyd edib.
Öz növbəsində Rusiyada, o cümlədən Moskva şəhərində olan bir neçə Azərbaycan vətəndaşı Amerikanın Səsinin xahişi ilə həmin saytlara daxil olmağa cəhd edib, lakin saytlar açılmayıb.
Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Amerikanın Səsinə deyib ki, onun rəhbərlik etdiyi haqqin.az və virtual.az syatları Rusiya ərazisində bloklanıb, özünün isə Rusiya ərazisinə girişinə qadağa qoyulub.
“Rusiya hökumətinin saytlara blok qoyması söz azadlığının pozulmasıdır. Rusiya ukraynada hərbi cinayətlər törədir, eyni zamanda Ukraynaya intervensiyanın nəticələrini, Rusiya Ordusunun itkilərini öz xalqından gizlədir. Biz isə həm Ukrayna, həm də dünya mənbələrindən bəhrələnərək baş verənləri Rus dilinə tərcümə edərək yayırıq. Bu məluatları Rusiyada on minlərlə insan oxuyub paylaşırdı. Sadəcə Rusiya hakimiyyəti həqiqətdən qorxur. Çünki günahkardır, çünki hərbi cinayətlər törədir. Ona görə də sözə qarşı mübarizə aparır. Çünki həqiqət Rusiyanın cinayətkar hakimiyyətini ifşa edir.”
Your browser doesn’t support HTML5
Baş redaktor hesab edir ki, 21-ci əsrdə internetlə mübarizə aparmaq qeyri-zəkalılıqdır.
“Indi bizim oxucular VPN proqramları vasitəsi ilə oxuyurlar. Düzdür onlar VPN proqramalrını da bloklayırlar. Ancaq yeni VPN proqraları yaranır.”
Müsvat.com və Minval.az saytlarının baş redaktoru Rauf Arifoğlu Amerikanın Səsinə deyib ki, sayların bloklanması Rusiyanın öz informasiya məkanını Şimali Koreyaya çevirmək təşəbbüsüdür.
Onun sözlərinə görə, minval.az və musavat.com saytlarının Rusiya ərazisində yayımı bloklanıb.
“Azərbaycan 44 günlük Qarabağ müharibəsi dövründə ölkəmizə qarşı hədyan yağdıran Rusiya saytlarını bloklamadı. Amma, Rusiya heç 14 gün də dözmədi, həqiqəti yayan Azərbaycan saytlarını blokladı,” o Amerikanın Səsinə deyib.
2017-ci il noyabrın 25-dən Rusiyada prezident Vladimir Putinin imzaladığı və xarici KİV-ləri xarici agent saymağa əsas verən qanun qüvvəyə minib. Putinin fərmanına əsasən Rusiyanın Ədliyyə Nazirliyinə xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparmaq səlahiyyəti verilib.