“Azadlıq” qəzetinin əməkdaşının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

Səadət Cahangir

“Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

O, Amerikanın Səsinə deyib ki, məlumatı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərdiyi sorğunun cavabında öyrənib.

“Müalicə məqsədilə xarici ölkəyə getməyim üçün zərurət yaranıb. İki ay əvvəl, yanvarın 19-da Baş Prokurorluğa sorğu göndərərək, ölkədən çıxışıma məhdudiyyət olub-olmadığını öyrənmək istədim. Martın 10-da mənə gələn cavab məktubunda bildirilir ki, ölkədən çıxışıma qadağa qoyulub. 2020-ci il mayın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı mənim evimdə axtarış aparılıb və 6 saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində şahid qismində dindirilmişəm. O vaxtdan iki il ötür, həmin absurd cinayət işi başa çatıb, Niyaməddin Əhmədova hökm oxunub. Apellyasiya Məhkəməsi martın 3-də mənim evimdən götürülən pulumun və əşyalarımın qaytarılması haqda qərar çıxarıb. Əşyalarım hələ geri verilməsə də, artıq pulumu qaytarıblar. İndi müalicəmlə bağlı xarici ölkəyə qısa müddətlik səfər etmək ehtiyacım var,” o qeyd edib.

Cahangir deyib ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun adından ona ünvanlanan məktubda deyilir ki, sizin dövlət sərhədini keçmənizə müvəqqəti qadağan qoyulub.

“Qadağa tətbiq etmək ölkədə müxalif fikirli insanlara işgəncə verməyin bir üsuluna çevrilib. Belə çıxır ki, heç bir əsas olmadan məni hansısa işə calayıb məhdudiyyətimi saxlayıblar. Biz haqqımızı nə qədər öz ölkəmizdə axtarmaq istəsək də, olmur. Məcbur edirlər ki, hər işdən ötrü Avropa Məhkəməsinə üz tutaq. Mən bunu istəmirəm, əlaqədar şəxslər də istəmirlərsə, Apellyasiya Məhkəməsinin qərarını rəhbər tutub, qısa vaxtda mənim ölkədən çıxışıma qoyulan məhdudiyyəti ləğv esinlər,” o bildirib.

Cahangir deyib ki, problemin həlli üçün baş prokuror Kamran Əliyevə teleqram vurub, Ombudsmana müraciət edib.

Öz növbəsində, Baş Prokurorluğun Mətbuat Xidməti Amerikanın Səsinin sorğusuna Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun Səadət Cahangirə cavabını əsas gətirərək, əlavə şərh verməyib.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun cavabında deyilir ki, Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 178 (dələduzluq), 214-cü (terrorçuluq) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Səadət Cahangirin dövlət sərhədini keçməsinə müvəqqəti qadağa qoyulub.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib. Habil Məmmədovun isə xarici ölkədə, Almaniyada yaşadığı ehtimal edilir. İstintaq orqanı Habil Məmmədovu hələ istintaqa cəlb etməyib.

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.