Azərbaycanın qadın fəalları Ukraynada müharibəyə son qoyulmasını tələb edir

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup qadın fəalı Ukraynada müharibə ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

Müraciəti vətəndaş cəmiyyətinin 30-a yaxın nümayəndəsi, o cümlədən hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva, Dilarə Əfəndiyeva, Mehriban Zeynalova, Mirvari Qəhrəmanlı və başqaları imzalayıb.

Fəallar dövlət rəhbərlərini, beynəlxalq strukturları, qadın təşkilatlarını və sülh hərəkatlarını Ukraynada müharibənin tezliklə dayandırılması üçün hər cür səy göstərməyə çağırıblar.

"Biz dinc əhalinin, xüsusilə qadınların və uşaqların kütləvi qətl edilməsini pisləyirik. Biz dinc şəhərlərin və yaşayış məntəqələrinin amansızcasına bombalanmasına, infrastrukturun, təbiətin, tarixi abidələrin və mədəni irs obyektlərinin məhv edilməsinə etiraz edirik. Biz müharibə nəticəsində ziyan dəymiş şəhər və regionların sakinlərinə humanitar yardımların təşkil olunmasını xahiş edirik," müraciətdə deyilir.

Onlar "Ukrayna ərazisində qanunsuz yerləşən bütün silahlı birləşmələrin" çıxarılmasını tələb edir.

"Nüvə eskalasiyası riski və Ukrayna ərazisində atom elektrik stansiyalarına ziyan dəyməsi geridönməz nəticələrə və qlobal ümumbəşəri fəlakətə səbəb ola bilər," sənəddə qeyd edilir.

Onlar həmçinin qeyd edirlər ki,"Rusiyaya tətbiq edilən sanksiyaların nəticələri bu ölkədə böhrana səbəb olacaq və heç bir günahı olmayan vətəndaşları humanitar fəlakətə sürükləyəcək".

"Ermənistanla 30 ildən çoxdur davam edən silahlı münaqişə hər iki xalqa böyük acı gətirdi. İtkilərimizi bərpa etmək üçün onilliklər lazımdır, lakin heç kim insan həyatını geri qaytarmayacaq. Biz, Azərbaycan qadınları başqa xalqlar üçün bu faciələrin təkrarlanmasını istəmirik, anaların öz oğullarını, qadınların ərlərini, uşaqların valideynlərini itirməsini istəmirik," müraciətdə qeyd olunur.