Məmməd Talıblı: Azərbaycan Rusiyaya qarşı sanksiyaların orbitinə yaxın olmamalıdır

Your browser doesn’t support HTML5

Məmməd Talıblı: Azərbaycan Rusiyaya qarşı sanksiyaların orbitinə yaxın olmamalıdır

İqtisadçı Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Rusiya banklarının SWIFT sistemindən çıxarılması, bunun Azərbaycan üçün yaradacağı problemlərdən danışıb.

Amerikanın Səsi: Rusiyanın SWIFT - yəni Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya sistemindən çıxarılmasının bu ölkəyə təsirlərini necə dəyərləndirmək olar?

Dünyanın SWIFT-lə bağlı verdiyi üstüörtülü və nəzakətli ismarıcını Rusiya diplomatik üslubda anlamırdı.

Məmməd Talıblı: Bu əslində dünya bank sistemində mədəni dünyanın Rusiya ilə eyni maliyyə şəbəkəsində olmağına etirazdır. SWIFT - banklararası hesablaşmalar səviyyəsində istifadə olunan 8-11 nömrəli koddur, onun vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir. Rusiya ilə bağlı daimi olaraq bu müzakirələr hələ Krım ilhaq olunan zamandan başlayıb. Amma dünyanın SWIFT-lə bağlı verdiyi üstüörtülü və nəzakətli ismarıcını Rusiya diplomatik üslubda anlamırdı. İndi artıq Rusiyanı bu addıma rəsmi mövqeləri ilə inandıra bildilər. Açığı kollektiv Qərbin, o cümlədən Avropa Birliyinin Rusiyanı SWIFT-dən çıxarmağa indiyədək cəsarət etmirdi. Çünki Avropa İttifaqı ölkələri qaz idxalının 40%-i Rusiyadan alır və ödənişlər isə SWIFT üzərindən aparılır. Bu Avropa üçün çəkindirici faktor sayılırdı. Çoxsaylı tərəddüdlər də daha çox bununla bağlı idi.

Amerikanın Səsi: Rusiya oliqarxiyası ilə yanaşı Rusiyada yaşayan milyonlarla insanın xarici banklarda, o cümlədən çoxsaylı Azərbaycan vətəndaşlarının Rusiya banklarında vəsaitləri var. Həmçinin Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 0,6 faizi Rusiya rublunda saxlanılır. Bu vəsaitlərin taleyi necə olacaq?

Ciddi sanksiyaların istiqamətləndirdiyi Rusiya iqtisadiyyatından Neft Fondu öz sərmayələrin nə qədər tez geri çəksə, bir o qədər də yaxşıdır. Neft Fondunun Rusiya Federasiyasındakı aktivlərinin həcmi ümumilikdə 900 milyon dollardan çoxdur.

Məmməd Talıblı: Neft Fondu aktivlərini müxtəlif valyuta səbətlərində saxlayır. Dominant valyuta ABŞ dollarıdır. VTB bankının səhmlərində Neft Fondunun payı 3 faiz təşkil edir. Neft Fondunun 500 milyon dollar həcmində aktivləri bu banka qoyulub. Məhz sanksiyaların elə birinci günü bank öz aktivlərinin 40 faizini itirmişdi. Bu gedişlə hələ daha çox böyük itkilər ola bilər. Ümumilikdə Neft Fondunun toplam aktivlərinin 0,6 faizi rus rublunda saxlanılır. Konkret rəqəmlərlə ifadə etsək 270 milyon dollar-rubl ekvivalentindədir. Bundan əlavə Neft Fondu Moskvanın mərkəzində daşınmaz əmlaka da sahibdir. Dəyəri 133 milyon ABŞ dollarına alınan “Qalereya Aktyor” ofis-ticarət mərkəzi də bazar dəyərini itirməkdədir. Bu da başqa bir riskdir. Ciddi sanksiyaların istiqamətləndirdiyi Rusiya iqtisadiyyatından Neft Fondu öz sərmayələrin nə qədər tez geri çəksə, bir o qədər də yaxşıdır. Neft Fondunun Rusiya Federasiyasındakı aktivlərinin həcmi ümumilikdə 900 milyon dollardan çoxdur. Bu isə Neft Fondunun toplam aktivlərinin 2 faizindən də çoxu deməkdir.

Amerikanın Səsi: Yerli mediada Rusiyada yaşayan azərbaycanlıların banklar vasitəsi ilə Azərbaycandakı yaxınlarına hər il milyard dollar ətrafında vəsait göndərdiyi bildirilir. Onlar SWIFT sistemi olmadan vəsaitlərinin yaxınlarına çatdırılması zamanı hansı çətinliklərlə üzləşəcəklər?

Məmməd Talıblı: Rusiya tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlıq haqqında sazişlə bu problemlərin həllinə çalışacaq. Amma beynəlxalq bank əməkdaşlıq sistemi buna imkan verməyəcək.

Amerikanın Səsi: Bir sıra ölkələr, o cümlədən Fransa, İngiltərə, İsveçrə SWIFT standartları əsasında öz milli köçürmə sistemlərini yaradıblar. Rusiya da belə bir sistem yarada bilərmi?

Rusiyanın SWIFT-dən çıxarılması təbii ki, dünyanın sonu olmayacaq. Rusiyada çoxlu sayda banklar bir neçə il öncə SWIFT-ə alternativ yaradılmış SPFS sisteminə qoşulub.

Məmməd Talıblı: Dünyada biri-biri ilə siyasi, hərbi, iqtisadi maraqları nəinki uyğun gəlməyən, hətta konfrantasiya səviyyəsində dərin konfliktlər içərisində olan dövlətlər və birliklər mövcuddur. Onlar bu mənfi münasibətlərə görə SWİFT kimi təsir alətinə əl atmırlar. İranı 2014-cü ildə SWİFT-dən çıxardılar. Lakin 2 il sonra yenidən bərpa edib, 2018-ci ildən isə yenə də kənarlaşdırdılar. Məhz SWİFT-dən çıxarılandan sonra İran İslam Respublikasının ticarət həcmi 1\3 qədər azaldı. Bu olduqca ciddi bir rəqəm idi. Rusiyanın SWIFT-dən çıxarılması təbii ki, dünyanın sonu olmayacaq. Rusiyada çoxlu sayda banklar bir neçə il öncə SWIFT-ə alternativ yaradılmış SPFS sisteminə qoşulub. Dünyada analoji fəaliyyəti həyata keçirən korporativ birliklər var. İranın, Çinin istifadə etdiyi belə əməliyyatlar sistemləri var. Ciddi bank əməliyyatlarının sıfır həddə düşməsi deyil, amma sadəcə ciddi nəfəsliklərin bağlanması deməkdir.

Amerikanın Səsi: Rusiyanın VTB bankının Azərbyacanda, Azərbaycan Beynəlxalq Bankının isə Moskvada fillialları var. Fikrinizcə bu banklar necə işləyəcək?

İndiki şərtlər altında bu bankla əməkdaşlığı nəinki əvvəlki səviyyədə saxlamaq, hətta onunla əməkdaşlıqdan uzaq durmaq lazımdır.

Məmməd Talıblı: Bildiyimiz kimi VTB bank əsasən Rusiya şirkətlərinin bank əməliyyatlarını həyata keçirən özəl maliyyə subyektidir. Özü də VTB Qərbin birbaşa sanksiyaları altına düşən bankdır. İndiki şərtlər altında bu bankla əməkdaşlığı nəinki əvvəlki səviyyədə saxlamaq, hətta onunla əməkdaşlıqdan uzaq durmaq lazımdır. Çünki bu bankın əməliyyatları SWİFT-də olmayandan sonra tərəfdaşlarına kodla mesaj göndərə bilmir və müxbir hesabdan əməliyyatlar həyata keçirməkləri mümkün hala gəlir. Bu zaman niyə bizim biznes subyektləri belə bir bankla əməkdaşlıq çərçivəsində qlobal hədəflərə tuş gəlməlidir? Bu şirkətlərin korporativ maraqlarına zidd olardı. İndi sanksiyaların ən qorxulu fazası Rusiyanın şirkətlərindən əlavə onlarla sıx əməkdaşlıq çərçivəsində olanlara yönələcək. Biz o qorxulu sanksiyaların orbitinə yaxın olmalı deyilik.

Azərbaycan Dövlət Neft Fondunun şərhi

Amerikanın Səsinin - Azərbaycan Dövlət Neft Fondunun Rusiydakı aktivləri ilə bağlı hazırki risklər, iqtisadçı Məmməd Talıblının "ciddi sanksiyaların istiqamətləndiyi Rusiya iqtisadiyyatından Neft Fondu öz sərmayələrin nə qədər tez geri çəksə, bir o qədər yaxşıdır", hazırda Neft Fondunun Rusiyadakı aktivləri nə qədər dəyər itirib və sərmayələri geri çəkmək mümkündürmü? – sorğusuna bu qurumun cavabında deyilir: “Təbii ki, son hadisələr Rusiya maliyyə bazarları da daxil olmaqla, beynəlxalq birjalara öz təsirini göstərir və çox ciddi qısamüddətli dalğalanmaların şahidi oluruq.

ARDNF-nin investisiya portfelinin təxminən 80%-ə qədəri yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir.

Məlumdur ki, budəfəki dalğalanmalara gətirib çıxaran səbəblər ənənəvi iqtisadi-maliyyə xarakterli deyil və hal-hazırda dünya iqtisadiyyatı və maliyyə bazarları həm mahiyyət, həm də miqyas etibarilə fərqli mənzərə ilə qarşılaşmaqdadır. Dövlət Neft Fondu olaraq həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm maliyyə bazarlarında baş verənlər tərəfimizdən diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potenisal risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilərək, müvafiq qərarlar verilir. İndiki mərhələdə, bir məqamı yenidən xatırlatmaq yerinə düşərdi ki, ARDNF hər hansı spesifik ölkə və ya region, maliyyə aktivi və valyuta növü üzrə konkret ixtisaslaşmış investor deyil, qlobal investordur. Dövlət Neft Fondunun yüksək şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən geosiyasi risklər düzgün nəzərə alınaraq qurulmuşdur və bu kimi şoklardan sığortalanmağa qadirdir. Hal-hazırda investisiya portfelinin həm aktivlər üzrə bölgüsü, həm valyuta bölgüsü, həm də coğrafi bölgüsü bunu deməyə bir daha əsas verir. Məsələn, ARDNF-nin investisiya portfelinin təxminən 80%-ə qədəri yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Təbii ki, ARDNF-nin investisiya portfelinə daxil edilən və yalnız VTB bankın səhmlərindən deyil, dünyanın bazar kapitallaşmasına görə ən böyük 1600 şirkətinin paylarını özündə əks etdirən səhm yatırımları uzun-müddətli dövrdə yüksək gəlirlilik vəd edərək portfelin diversifikasiyasının təmin olunmasında müstəsna rol oynayır və qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə səciyyələnir.

Nəticə etibarilə ARDNF-nin vəsaitlərinin həcminin dəyişməsi, habelə gəlirlilik göstəricisi beynəlxalq təcrübə də əsas götürülməklə ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir və bu barədə ətraflı məlumat Fondun fəaliyyəti haqqında rüblük və illik hesabatlarda əks olunur,” Azərbaycan Dövlət Neft Fondundan Amerikanın Səsinə belə cavab veriblər.

SWIFT sistemi barədə qısa məlumat

"SWIFT" (Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir.

SWIFT sistemi 1973-cü ildən mövcuddur. Onun vasitəsilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədən 9700-dən çox bank təşkilatı aiddir.

Bu təşkilat maliyyə sistemini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.

Bir ildə SWIFT ilə 5 milyard informasiya mübadiləsi aparılır. Sovet İttifaqında SWIFT sistemi 1989-cu ilə fəaliyyət göstərməyə başlayıb.

Üç bankdan "SWIFT" sistemi vasitəsilə pul köçürmələri tələb olunur. Hər bir bankın sürətli kodu məlumatının tələb olunduğu əməliyyatda pul əvvəlcə vasitəçi banka köçürülür. Bundan sonra vasitəçi bank pulu alan banka köçürür və əməliyyatı tamamlayır.