Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı Avropa Məhkəməsinin qərarlarını tam yerinə yetirməyə çağırır

Avropa Şurası Nazirlər Komitəsi aprelin 30-na qədər Azərbaycana vaxt verib

Martın 10-da Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin, fəalların məhkumluğunu təxirə salmadan ləğv etməyə çağıran qətnamə qəbul edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını Monitorinq qrupunun rəhbəri Xalid Ağalıyev bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Məmməd Əzizov, Şahin Novruzlu, Qiyas İbrahimov, Bayram Məmmədov, Arif və Leyla Yunusların işlərinə aiddir.

Sənəd Avropa Şurası Nazirlər Komitəsinin Avropa məhkəməsi qərarlarının icrasına nəzarətə dair toplantısında qəbul edilib.

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında göstərilir ki, bu ərizəçilər hakimiyyətin tənqidinə görə təqiblərə məruz qalıblar və onların barəsində Avropa Konvensiyasının 18-ci maddəsi pozulub. Bu o deməkdir ki, onların təqib edilməsi siyasi cəhətdən əsaslandırılıb” Xalid Ağaliyev deyib.

Hüquqşünas deyir ki, adı çəkilən ərizəçilər vaxtından əvvəl həbsxanalardan azad olunublar, lakin bəraət almayıblar, ona görə də məhkumluğun olması onların hüquqlarını məhdudlaşdırır.

"Sarqsyan Azərbaycana qarşı qərarı isə 1992-ci ildəki Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşən şəxslərin evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü ilə əlaqəlidir. AŞ NK bu qərarın icra durumunun müzakirəsini növbəti toplantısına təxirə salıb"deyə o əlavə edib.

Üç gün davam edən görüşdə Azərbaycandan başqa Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Malta, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlı qərarların icra durumu müzakirə olunub.

Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edilir.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.

Bu qərarların icrasında problem ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti toplaşmaq azadlığı sahəsində qanunvericiliyi və praktikanı yaxşılaşdırmır. Bundan əlavə, bəzi ərizəçilərə kompensasiya ödənilməyib, ya da tam ödənilməyib.

Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib. Amma bir qayda olaraq, kompensasiyaların ödənildiyini deyirlər.

Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb.