Bakı Apellyasiya məhkəməsi Əli Kərimlinin sürücüsünün hökmünü qüvvədə saxladı

Niyaməddin Əhmədov və Əli Kərimli 19 oktyabrf aksiyası zamanı

Martın 10-da Bakı Apellyasiya məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bu partiyanın sədri Əli Kərimlinin sürücüsü olmuş Paşa Umudovun apellyasiya şikayətini təmin etməyib.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, məhkəmə birinci instansiya məhkəməsinin sürücüsü Paşa Umudov haqqında 4 il 6 aylıq həbs hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Məhkəmədə iştirak edən Paşa Umudov çıxışında ona qarşı verilmiş ittihamları rədd edib. O, həbsinin siyasi baxışları ilə bağlı olduğunu deyib.

Məhkəmə prosesində ittiham aktını müdafiə edən dövlət ittihamçısı hökmün dəyişdirilmədən saxlanılmasını istəyib.

Öz növbəsində Paşa Umudovun vəkili Zibeydə Sadıqova məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verib.

Vəkil Paşa Umudovun təqsirsiz olduğunu düşünür.

“Məhkəmədə Ali Məhkəmənin göstərişlərini əməl etdi, amma çox təəssüf ki, hətta baxmayarq ki, şahidlər də dindirildi. Vəkil və əməliyyatçı dindirilsə də, və biz onların həqiqətən yalan danışdığını sübut edə bilsək də, məhkəmə bunların heç birini nəzərə almadı. Biz bəraət istəmişdik, məhkəmə ümumiyyətlə hökümü qüvvədə saxladı. ”

Öz növbəsində, Amerikanın Səsi olaraq Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasından məhkəmə baxışı ilə bağlı məlumat almaq mümkün olmayıb.

Paşa Umudov 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi mitinqdən öncə, oktyabrın 16-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunub.

2020-ci il avqustun 7-də Bakının Nərimanov rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədrliyi ilə Paşa Umudovu 4 il 6 ay həbsə məhkum edib.

2020-ci il oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nərimanov rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Paşa Umudov məhkəmədə özünü təqsirli bilmədiyini deyib və məhkəmənin hökmünü siyasi sifariş adlandırıb.

AXCP bəyan edib ki, Umudov siyasi fəaliyyətinə, o cümlədən Əli Kərimlinin sürücüsü olduğuna görə həbs olunub.